Üçlüklər və Yol xəritəmiz…

Bu gün Ankara şəhəri üç Türk ölkəsinin birlik təşəbbüslərinə ev sahibliyi edib.

Belə ki, qardaş ölkənin paytaxtında Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib. Bundan əlavə, Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu da təşkil olunub. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistan XİN başçıları Ceyhun Bayramov və Baxtiyor Saidovu qəbul edib.

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunub və qərara gəlinib ki, Türkiyə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın gücləndirilməsi üçün “Yol xəritəsi” hazırlansın.

Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, “qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəmizi müəyyənləşdirəcəyik. İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsi təşkil edir”.

Bundan öncə isə Türkiyə-Azərbaycan-Gürcüstan formatında oxşar görüşlər keçirilmiş, müzakirələr aparılmışdı. Qarşıda isə Türkiyə-Azərbaycan-Qazaxıstan formatında görüşlərin keçirilməsi gözlənilir.

Azərbaycan bu proseslərdə Türkiyə ilə digər türk cümhuriyyətləri arasında əlaqələndirici, körpü rolunu oynayır, münasibətləri tənzimləyir.

Bu cür üçlü formatda əməkdaşlığın genişləndirilməsi son nəticədə Türk dünyasının inteqrasiyası prosesinin daha da gücləndirilməsinə təkan verir.

Türkiyə və Azərbaycanın Türküstanda (Mərkəzi Asiya) “ikinci cəbhə”ni açmaq vaxtı artıq yetişib. Rusiya Türkiyənin Türküstan ölkələri ilə yaxınlaşmasından ciddi narahatlıq keçirir.

Ankara və Bakı bu bölgədə Rusiya və Çindən önə keçməli, təşəbbüsü ələ almalıdırlar. Türk dünyasının sıx birliyi Ankara və Bakının Türküstan respublikaları ilə daha çevik əməkdaşlığından asılıdır.

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev

Comments are closed.

Tərcümə »