“Joxovurd” qəzetindən Simonyana rədd cavabı: Təkzib verilməyəcək


Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya haqqında söylədiyi iddia olunan qalmaqallı sözlərlə bağlı mübahisə davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Joxovurd” qəzeti Ermənistan parlamentinin spikeri Alen Simonyanın onları məhkəməyə verməklə hədələməsinə baxmayaraq, təkzib verməkdən imtina edib və yayımlanmış materialı silmək niyyətində olmadığını bildirib.

Simonyan bir gün əvvəl qəzetin məqaləni silməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini söyləmişdi. Həmin məqalədə iddia olunurdu ki, Simonyan Skandinaviya və Baltikyanı ölkələrin parlamentariləri ilə görüş zamanı belə sözlər işlədib:

“Rusiya darmadağın edilməli, məğlub olub yox olmalıdır ki, həm bizim, həm də sizin ölkələr üçün yaxşı olsun. Rusiyanın süqutu bizim üçün çox yaxşı perspektivlər açacaq.”

Qəzet Baltikyanı ölkələrdə həmin qapalı görüşlə bağlı yayımlanmış materialları araşdıraraq görüşün kəskin anti-Rusiya atmosferində keçdiyini bildirib. Bunun sübutu kimi Latviya və Estoniya parlamentlərinin rəsmi bəyanatları göstərilir.

Bu günkü sayında “Joxovurd”, anti-Rusiya bəyanatlardan sonra Simonyanın çətin vəziyyətə düşdüyünü və Rusiya tərəfdaşlarına necə izahat verəcəyini bilmədiyini yazıb. Xüsusilə də, hazırda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfərinin müzakirə olunduğu bir vaxtda bu məsələnin Simonyan üçün ciddi problemə çevrildiyi bildirilir.

Qəzet parlamentdəki mənbələrinə istinadən yazır ki, Rusiyadan ya bu açıqlamaların təkzib edilməsi və qəzetə qarşı məhkəmə iddiasının qaldırılması, ya da açıq şəkildə danışılması barədə tələb gəlib. Bunun ardından Simonyanın öz sözlərindən imtina etmək qərarına gəldiyi iddia edilir.

“Joxovurd” həmçinin Ermənistan parlamentinə müraciət edərək, görüşün tam montajsız video yazısını təqdim etmələrini tələb edib:

“Biz görüşün tam qeydə alınmış videosunun təqdim edilməsini istədik. Əgər Simonyan öz sözlərində bu qədər əmindirsə, o zaman bu görüntüləri açıqlamalıdır.” – deyə qəzetin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Simonyan MediaHub saytını da məhkəməyə verməyi planlaşdırır. Həmin saytın yazarı Vaqe Makaryan isə Simonyanla məhkəmədə qarşılaşmağa hazır olduğunu bəyan edib.

Comments are closed.

Tərcümə »