Azərbaycanda saxlanılan “qızıl hakim” Rusiyaya veriləcək

Krasnodar vilayət məhkəməsinin ölkəmizdə saxlanılan keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb, lakin pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub.

“Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya təhvil veriləcək”, – agentliyin mənbəsi bildirib.

Yelena Xaxaleva 2022-ci ildə xüsusilə külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Krasnodar vilayət məhkəməsinin rəyasət heyətinin üzvü və sədr müavini əməkhaqqı alarkən uzun müddət işdən kənarda qalmaqda ittiham olunub.

Keçmiş hakim 2017-ci ildə qızının toyuna İosif Kobzon, Nikolay Baskov, Valeri Meladze və Vera Brejneva kimi məşhurları gətirdiyi əks etdirən video yayımladıqdan sonra qalmaqallı şöhrət qazanmışdı.

Comments are closed.

Tərcümə »