Abbas Abbasov: Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb

2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olmuşdur. Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayına videomüraciətində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, bu qəddar basqılar, o cümlədən 13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünya ictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacın olduğunu bir daha göstərmişdir.

A.Abbasov qeyd edib ki, Qurultayın Kanakidə keçirilməsi simvolik əhəmiyyətə malikdir.

“Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlanmış və kanak xalqına qarşı törədilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmışdır. Birgə səylərimiz nəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində bu vəhşiliklərdən xəbərdar olmuşdur”, – o vurğulayıb.

İcraçı direktor əlavə edib ki, müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər bir hadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur. Sistemli təzyiqləri aradan qaldırmaq və ədaləti bərpa etmək üçün beynəlxalq töhfələrə ehtiyac var. Azadlığa nail olmaq o qədər də asan deyil və fədakarlıq tələb edir:

“Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması və sonrakı fəaliyyətə göstərdiyi dəstəyi vurğulamaqdan böyük qürur duyuram. Bu Cəbhə həmrəyliyin gücünü nümayiş etdirən bir nümunə, eləcə də dialoq, fəaliyyət və birgə missiyamızın gücləndirilməsi üçün platformadır. Bugünkü Konqres müstəmləkəçiliyin nəticələrini, neokolonializmə qarşı mübarizəni, qlobal çağırışları və əlbəttə ki, mümkün həll yollarını müzakirə etmək üçün qiymətli bir fürsətdir. Əminəm ki, bu tədbirdəki müzakirələr müstəmləkəçiliyə qarşı mübarizədə birgə səylərin səfərbər olunmasına töhfə verəcək.

Biz mübarizəmizi davam etdiririk, mübarizəmiz yalnız bu gün üçün deyil, gələcək nəsillər naminədir. Biz yalnız ədalət və bərabərlik uğrunda birgə mübarizəmizdə deyil, eyni zamanda, bütün xalqların ləyaqətinin tanınmasına sarsılmaz bağlılıq məsələsində də birləşməyə davam etməliyik. Qoy bu Qurultay hər birimiz üçün fəaliyyət çağırışı olsun – bizi müstəmləkə hökmranlığından azad, bütün xalqların öz gələcəklərini müəyyənləşdirmək gücündə olduğu bir dünya naminə mübarizəni davam etdirməyə dəvət etsin”.

Comments are closed.

Tərcümə »