Kaya Kallas: Rusiya artıq 2028-ci ildə Aİ-yə hücum edə bilər

Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqını (Aİ) Rusiyanın mümkün hərbi təhdidlərinə qarşı hazırlıqlı olmağa çağırıb. O, Aİ ölkələrini müdafiə xərclərini artırmağa səsləyib və bildirib ki, Rusiya qarşıdakı 3-5 il ərzində Avropanın müdafiə qabiliyyətini yoxlamağa cəhd göstərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “dpa” agentliyi məlumat yayıb.

“Bizim milli kəşfiyyat xidmətlərimizin çoxu xəbərdarlıq edir ki, Rusiya 2028-ci ilə qədər Avropanın müdafiə hazırlığını yoxlamağa cəhd edə bilər,” — deyə Kallas bildirib. O, Avropa ölkələrinin müdafiəyə kifayət qədər sərmayə qoymamasının Moskva üçün təhlükəli siqnal olduğunu vurğulayıb və əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin yalnız “güc dilini anlayır”.

Kallas qeyd edib ki, hazırda Moskva hərbi məqsədlər üçün Brüsseldən təxminən beş dəfə çox vəsait sərf edir. “Avropanın hərbi imkanlarını inkişaf etdirməməsi təcavüzkarı daha da cəsarətləndirir. Zəiflik Rusiyanı təhrik edir,” — deyə o vurğulayıb.

O həmçinin bəyan edib ki, Rusiyaya qarşı sərt mövqe tutduğu üçün onu “şahin” adlandırırlar, lakin Kallas öz yanaşmasının realist olduğunu düşünür. Bu fikirlər Estoniyanın keçmiş baş nazirinin Brüsseldə keçirilən Avropa Müdafiə Agentliyinin (EDA) illik konfransında çıxışı zamanı səsləndirilib.

Kaya Kallasın xəbərdarlıqları fonunda Avropa ölkələrinin müdafiə büdcələrini artırıb-artırmayacağı geniş müzakirə olunur.

Ekspertlər isə Avropanın müdafiə strategiyasını gücləndirməsinin vacibliyini vurğulayırlar.

Comments are closed.

Tərcümə »