İran hara, xoş məram hara?

(Molla rejiminin azərbaycanlı tələbəni azad etməsinin gerçək səbəbi haqda)

2023-cü ildə İranda qondarma “casusluq” ittihamı ilə həbs edilmiş azərbaycanlı tələbə Fərid Səfərlinin qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılmasını molla rejiminə trolluq edən şəxslər tərəfindən “İran dövlətinin humanizmi, xoşməramlılıq nümunəsi” kimi təqdim olunması tamamilə absurddur.

Araşdırmaçı jurnalist Bəybala Mirzəyevin Zafertv.az-a bildirdiyinə görə, İran gerçəkdən də xoşməramlı ölkə olsaydı, ümumiyyətlə, bu gənc soydaşımızı saxta ittihamlarla iki il dözülməz şərtlər altında saxlamazdı.

Molla rejimi ötən iki il ərzində bu gəncimizi rəsmən depressiya vəziyyətinə, intihar həddinə çatdırıb. Fəridin anasının mediaya verdiyi açıqlama da bu acı həqiqəti təsdiqləyir.

Fəridin anası Dilarə Əsgərova:
“Fərid haqqında SEPAH və ya İran rejiminin “məhkəmələri”nin dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidi ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona, “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib. Oğlumun başına gətirilənlər haqqında bəlkə də bir kitab yazmaq olar. Onu heç bir aiddiyatı olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər. Oğlumu casususluqda təqsirləndirirmişlər. SEPAH Fəridin istintaqını apararkən, oğlum ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib. Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.

Hətta bu cür tükürpərdici açıqlamadan sonra da belə, bəzi trolların İranın “humanistliyindən dəm vurmağı doğrudan da əsl tragikomediyadır. “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı”nı iddia edən iranpərəstlərin çox güman ki, ciddi məntiq, zəka problemi var.

P.S.

Əsl həqiqətdə isə, Fərid Səfərli İran tərəfinin “humanizm amillər”indən çıxış etməsinə görə deyil və əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə ölkəmizə təhvil verilib. Hüquqi dildə isə buna “qarşılıqlı prosedur çərçivəsində mübadilə” deyilir. Ona görə də trolların oxuduqları “humanizm nəğmələri” İranla gerçək humanizm arasındakı böyük məsafəni heç cürə azalda bilmir.

Comments are closed.

Tərcümə »