Azərbaycan-Gürcüstan dostluğu və həmrəyliyi tarixin sınağından uğurla çıxıb

Ötən gün Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti, bu gün isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə işgüzar səfərə gəlib. Bu, keçən ilin son aylarında Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi, yeni hökumətin formalaşdırılması və yeni prezidentin seçilməsindən sonra Kobaxidzenin Bakıya ilk səfəridir. Qeyd etdiyim mühüm siyasi hadisələrdən sonra Kobaxidzenin ilk xarici səfərinin ünvanı kimi məhz Azərbaycanı seçməsi ölkələrimiz arasındakı sıx dostluq, müttəfiqlik münasibətlərindən irəli gəlir.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı səviyyəsi həm Bakını, həm də Tiflisi qane edir. Ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoq da əlaqələrimizin daha da möhkəmlənməsinə stimul verir. Ölkələrimiz arasında mütəmadi olaraq dövlət və hökumət başçılarının, eləcə də digər yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü olmaqla yanaşı, həm də əlaqələrin daha da genişlənməsinə təkan verir. İki ölkənin müxtəlif dövlət qurumları arasında ənənəvi sıx təmaslar, o cümlədən hökumətlərarası və parlamentlərarası əməkdaşlıq strateji tərəfdaşlığımıza xüsusi töhfə verir. Bakı və Tiflis beynəlxalq və regional formatlarda da bir-birinə dəstək verməyə və bir-birinin legitim maraqlarına hörmətlə yanaşmağa davam edir.

Prezident İlham Əliyevin çıxışlarında, görüşlərində dəfələrlə qeyd etdiyi kimi Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də məhz bu möhkəm təməl üzərində qurulub. Eləcə də Gürcüstandakı soydaşlarımız da bu əlaqələrin genişlənməsində, bağlantıların dərinləşməsində mühüm rol oynayırlar.

Gürcüstanla əlaqələrə həmişə böyük önəm verən Ümummilli Lider Heydər Əliyev vaxtilə Azərbaycan və gürcü xalqları arasında tarixi əlaqələrin möhkəmliyindən danışarkən bu iki xalqın qonşu olmağı barədə olduqca ibrətamiz və səmimi bir fikir söyləmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”. Bu mənada Gürcüstan-Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsi Cənubi Qafqazın narahat və avantürist ölkəsi kimi tanınan Ermənistan üçün də yaxşı nümunə ola bilər.

Hazırda Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətləri durmadan inkişaf edir. Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı durumu qənaətbəxşdir. Ölkələrimizin uğurlu regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin regionumuzda və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinin sağlam təməlini təşkil edir. Bizim ölkələrimiz arasında mövcud olan və tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə əsaslanan misilsiz dostluq əlaqələri, sıx əməkdaşlıq münasibətləri indi yeni mərhələyə qədəm qoyur.

Bu gün Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. Belə ki, iki ölkə arasında yaşıl enerji və kommunikasiya sahələri üzrə həyata keçirilən layihələr həm Azərbaycanın, həm də Gürcüstanın təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına da əlavə impuls verəcək. Bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan dostluğu və həmrəyliyi tarixin sınağından uğurla çıxıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə həm gürcülər, həm də azərbaycanlılar arasında güclü inam var.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »