Böyük Britaniya hökuməti baş nazir Keir Starmerin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə strateji tərəfdaşlıq haqqında 100 illik tarixi müqavilənin imzalanacağını elan edib.
Bu müqavilə, əsasən, hərbi əməkdaşlığı dərinləşdirmək, Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi möhkəmləndirmək və Rusiyanın davam edən təcavüzünə qarşı birgə fəaliyyət göstərmək məqsədi daşıyır.
Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edəcək:
• Elmi-texniki tərəfdaşlıq: Səhiyyə, aqrar texnologiyalar, kosmos və pilotsuz uçuş aparatlarının inkişafı üçün mütəxəssislər qrupu yaradılacaq;
• Təhsil layihələri: Ukrayna və Böyük Britaniya arasında uzunmüddətli dostluq əlaqələrinin qurulması üçün yeni təhsil təşəbbüsləri həyata keçiriləcək;
• Taxıl nəzarəti proqramı: Böyük Britaniyanın hazırladığı yeni sistem vasitəsilə işğal olunmuş Ukrayna ərazilərindən oğurlanan taxılın izlənməsi təmin ediləcək.
Zalujnı tərəfindən xüsusi qarşılanma
Keir Starmerin Kiyevə gəlişi zamanı onu Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıy şəxsən qarşılayıb. Zalujnıy bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, danışıqların əsas mövzusu təhlükəsizlik məsələləri və hərbi əməkdaşlığın genişləndirilməsi olacaq.
Zelenski ilə anım mərasimi
Səfər çərçivəsində Keir Starmer prezident Volodimir Zelenski ilə birlikdə Kiyevin Mixaylovski meydanında Ukraynanın azadlığı uğrunda həyatını itirən müdafiəçilərin xatirəsini yad edib. İki lider əllərində gül dəstələri ilə xatirə divarını ziyarət edərək, şəhidlərin xatirəsinə hörmət nümayiş etdirib. Bu mərasim Britaniya və Ukrayna arasında həmrəylik mesajı kimi qəbul edilib.
Gələcəyə dair planlar və strateji dialoq
Böyük Britaniyanın Ukraynadakı səfiri bildirib ki, müqavilə yalnız müdafiə sahəsini deyil, həm də elmi, mədəni və iqtisadi əməkdaşlığı əhatə edəcək. Bundan əlavə, tərəflər strateji tərəfdaşlıq dialoqunu bərpa etməyi və qarşılıqlı maraqlar üzrə məsələləri daha effektiv şəkildə həll etməyi planlaşdırırlar.
Bu səfər Böyük Britaniya və Ukrayna arasındakı dostluq əlaqələrinin dərinləşməsi və uzunmüddətli strateji tərəfdaşlığın təmin edilməsi baxımından mühüm addım hesab edilir.\\musavat\\
Comments are closed.