Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.
Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.
Həmçinin TƏBİB-dən bildirilib ki, hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki Yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur.
Bir çox ölkədə metapnevmovirus infeksiyasının yayıldığını nəzərə alsaq, maraqlıdır, ölkəmizdə bunun qarşısını almaq üçün peyvəndlənmə məcburi ola bilərmi?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, peyvəndlənmə məcburi olmayacaq:
“Ümumiyyətlə, Azərbaycanda peyvəndlənmə qanunla könüllüdür. Məcburi peyvəndlənmə yoxdur”.
Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı məlumat yayıb. Qeyd olunib ki, Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir:
“Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur”,- deyə məlumatda bildirilib.
Comments are closed.