Son aylarda davamlı şəkildə daxili siyasi böhranla üzləşən və öz ölkəsinin sosial-iqtisadi problemlərinin həllində çətinlik çəkən Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da Parisdəki səfirlər konfransında çıxışı zamanı yenə Azərbaycanı hədəf seçib və ölkəmizi Fransaya qarşı “qəbuledilməz müdaxilələr”də günahlandırıb. O, qeyd edib ki, “Fransa son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.
Fransa prezidentinin bu ifadələri onu göstərir ki, əslində, bu natamam “filosof”-siyasətçinin özünün beynəlxalq hüquqdan qətiyyən anlayışı yoxdur. Beynəlxalq hüququ düzgün anlayan və beynəlxalq hüquqa gerçəkdən sayğı göstərən bir dövlət heç vaxt Ermənistan kimi təcavüzkar dövləti müdafiə etməzdi. Lakin əfsuslar olsun ki, bu gün beynəlxalq hüquqdan dəm vuran Makron keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həlli prosesində bir qayda olaraq həmişə işğalçı Ermənistanı müdafiə edib.
Fransalı səfirlərin qarşısında çıxışı zamanı səsləndirdiyi anti-Azərbaycan xarakterli son açıqlamalarının məzmunu da bir daha onu göstərir ki, Makron bundan sonra da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına imkan verməyəcək. Fransa Avropa İttifaqının (Aİ) aparıcı ölkəsi olaraq Cənubi Qafqazda sülhün bərpa edilməsinə çalışmaq əvəzinə, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edən siyasət yürütməyə davam edəcək.
Ancaq Fransanın bu prosesdəki dağıdıcı, pozucu mövqeyini önləmək və neytrallaşdırmaq üçün Azərbaycanın kifayət qədər təcrübəsi və potensialı var. Azərbaycan Fransa ilə onun öz üslubunda, öz dilində danışmağı bacarır. Fransa prezidenti Ermənistanı silahlandırmaq və Cənubi Qafqazda yeni hərbi eskalasiyaya şərait yaratmaqdansa, ölkəsinin problemlərinin həlli ilə məşğul olsa yaxşıdır. Artıq Fransa vətəndaşlarının 70 faizindən çoxu Makron hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətdən narazıdır. Bu gerçəyi ən son sosioloji sorğuların nəticələri də təsdiqləyir. Öz vətəndaşlarının ehtiyaclarını ödəyə bilməyən Fransa prezidentinin Cənubi Qafqazda katalizatorluq etməsi həqiqətən də absurddur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.