Belarus növbəti 3 ay müddətində ölkədən kartof ixracına nəzarəti gücləndirir.
Musavat.com xəbər verir ki, Minsk hökumətinin qərarına əsasən 2025-ci ilin yanvar-mart aylarında kartof ixracı üçün xüsusi lisenziyanın alınması tələb olunacaq.
Belarus baş naziri Roman Qolovçenko bildirib ki, lisenziyalaşmanın tətbiqində məqsəd əmtəə axınını tənzimləməkdir: “Bu onunla bağlıdır ki, bizim bəzi kənd təsərrüfatı məhsullarının, xüsusən də tələbat olanların, kifayət qədər ucuz məhsulların xarici bazarlarda qiyməti Belarusda olduğundan daha yüksəkdir. Buna görə də bu malların digər ölkələrə kütləvi axını riski var”. Onun fikrincə, hakimiyyət öz bazarı haqqında düşünməlidir.
Baş nazir qeyd edib ki, bu il ölkədə kartof istehsalı heç də əvvəlki il qədər olmayıb. Buna baxmayaraq, bir Belarus sakininin cəmi 160 kiloqram kartof istehlak etməsi qarşılığında ölkə 460 kiloqram kartof istehsal edir: “Kartof çoxdur, var və indi müxtəlif çeşidlər var: tutaq ki, böyük, yuyulmuş, vakuumlu, kalibrlənmiş sortlar, bu baxımdan heç bir narahatlıq yoxdur”.
Qeyd edək ki, Belarus kartofunun alıcılarından biri də Azərbaycandır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xaricdən idxal etdiyi 99 876,56 ton kartofun 9 min tona yaxını Belarusdan alınıb.
Comments are closed.