Mətbuatda və sosial şəbəkələrdə bayram ərəfəsində mağazalarda yumurtanın bahalaşdığı barədə xəbərlər yayılıb. Bildirilir ki, Yeni il bayramına günlər qalmış paytaxtda bəzi marketlərdə yumurtaların qiymətində artım müşahidə edilir. Qeyd olunur ki, əvvəl 18 qəpiyə satılan yumurtanı artıq 22 qəpiyə əldə etmək mümkündür.
İctimai Rəy xəbər verir ki, modern.az mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, yumurta qiymətlərində qiymət artım yoxdur:
“Keçən ilin müvafiq dövrünə nisbətən yumurta 2-3 qəpik ucuzlaşıb. Yəni fabriklər daşımaq xərci daxil olmaqla 360 ədəd yumurtanı hazırda 45 manata satırıq. Keçən il satış qiyməti 53 manat idi. Fabriklərdə qiymət artımı yoxdur. Marketlər bayram qabağı qiymət artımı edirsə, bunun bizimlə əlaqəsi yoxdur”.
Müsahibimiz bildirib ki, bazarlarda toyuq ətində də artım yoxdur:
“Toyuq ətinin keçən il topdan satış zamanı bir kilosu 5 manat 20 qəpiyə satılırdı. Bu il isə 4 manat 60, 4 manat 40 qəpiyə satılır. Fabrikdən çıxış qiymətlərində heç bir artım yoxdur. Əgər marketlərdə artım varsa, bu süni şəkildə edilən artımlardır”.
Comments are closed.