Tariximizin dönüş nöqtələri həmişə böyük şəxsiyyətlərimizin taleyüklü fəaliyyətləri, liderlik missiyaları ilə müşayiət olunub. Tarixdə şəxsiyyət faktorunun rolu həqiqətən də danılmazdır. Məhz böyük şəxsiyyətlər, qüdrətli liderlər tarixin gedişatını dəyişdirir, öz xalqlarının taleyinə yön verir, dövlətçilik ənənələrinə yeni nəfəs gətirir, xilaskar və qurucu liderlər kimi tarixdə yeni səhifə açırlar. Bu gün növbəti doğum gününü qeyd edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də məhz taleyimizi dəyişən, Xilaskarlıq və Quruculuq missiyasını uğurla yerinə yetirən Lider kimi, ən yeni tariximizin yaradıcısı və qalibiyyət dövrümüzün sərkərdəsi kimi çıxış edir.
İlham Əliyevin 21 illik Prezidentilk dövrü tarixi ədalətin bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi, məğlub ölkəmizin qalib ölkəyə çevrilməsi, xalqımıza qarşı 200 il ərzində davam edən terrora, soyqırımlarına, qəsbkarlığa son qoyulması ilə əlamətdardır. Tarixi Zəfərimizdən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsi, Böyük Qayıdış üçün əlverişli zəmin hazırlanması Xilaskarlığın Quruculuqla əvəz olunmasının təzahürüdür. 21 il ərzində görülən işlərin nəticəsi Güclü Azərbaycandır. Ötən illər ərzində İlham Əliyevin araya-ərsəyə gətirdiyi qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycan, bütövləşən və böyük hədəflərə yönələn yeni Azərbaycandır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin fevral ayında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində böyük qürur hissi ilə bildirdi ki, “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi”. 2003-cü ildən bu günədək keçilən 21 illik yolun təhlili onu göstərir ki, Azərbaycan bu hədəflərinə doğru inam və qətiyyətlə irəliləməyi, məqsədlərinə nail olmağı bacarıb. İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatı nəticəsində torpaqlarımızı erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Əlbəttə, bütün bunlar 44 günlük müharibədən öncə çoxları üçün inanılmaz möcüzə kimi görünürdü. Beynəlxalq aləmdə də bir çoxları Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə cəsarət göstərəcəyini, “qapanmış dairə”ni qıracağını, dəngələri dəyişə biləcəyini gözləmirdi. Ən çox da məhz ermənilər buna inanmırdılar. Birinci Qarabağ müharibəsindəki uğurlarından eyforiyaya qapılan və erməni xalqının “məğlubedilməz”liyi mifi ilə öyünən işğalçı Ermənistan rəhbərliyi ilahi ədalətin zəfər çalacağına inanmadığına görə Azərbaycanın da nə vaxtsa qələbə qazana biləcəyinə əsla inanmaq istəmirdi. Həmçinin ATƏT-in Minsk Qrupunun işğalçı Ermənistana havadarlıq edən bədnam həmsədrləri də Azərbaycan liderinin və Azərbaycan xalqının işğalın nəticələri ilə barışacağını düşünürdülər.
Lakin dərin strateji düşüncəyə və diplomatik zəkaya, əzmkar xarakterə və qətiyyətli siyasi iradəyə malik olan Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin və onun havadarlarının bütün bu təxminlərini, hesablamalarını, “öncəgörmə”lərini öz iti fəhmi və çevik qərarları ilə alt-üst etdi, düşmənlərimizə sözün bütün mənalarında əsl “master klass” (ustad dərsi) göstərdi və eyni zamanda, Ulu Öndərimizin də inamını doğrultdu. Xatırlayırsınızsa, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqımıza tarixi müraciətində əminliklə bildirmişdi ki, onun axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev axıra çatdıracaq. Ulu Öndər ona özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirmişdi. Zaman Ulu Öndərin inamının gerçəyə çevrilməsinə şahidlik etdi.
İlham Əliyev son 21 il ərzində bütün vədləri yerinə yetirməklə ona göstərilən inamı, etimadı doğrultdu, Ulu Öndərin layiqli varisi olduğunu təsdiqlədi, 30 il işğal altında qalan torpaqlarımızı öz tarixi sahibinə qovuşdurdu, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli Azərbaycan bayrağının yenidən ucaldılmasına nail oldu. İşğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımızın dalğalanması da, keçmiş məcburi köçkünlərin Laçına, Cəbrayıla, Füzuliyə, Şuşaya, Xankəndiyə, Zəngilana, Xocalıya qayıdışının davam etməsi də postmüharibə dövrünün yeni reallıqlarından xəbər verir. Və bu yeni reallıqlarla artıq hamı – Ermənistanın avantürist rəhbərliyi də, onun ABŞ, Fransa, Avropa İttifaqı (Aİ) kimi havadarları da barışmalı olublar.
Onilliklər boyu Azərbaycanı Birinci Qarabağ müharibəsinin nəticələri ilə barışdırmaq üçün hər cürə məkrli vasitələrdən istifadə edən qüvvələr, sonda Azərbaycan liderinin diktə etdiyi yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Dövlətimizin başçısının müsahibələrindən birində vurğuladığı kimi Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq qələbə dünyada çox dərin layları tərpətdi: “Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.
Bəli, Prezident İlham Əliyev keçən ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bu fikrində tamamilə haqlıdır. İşğalçı Ermənistan üzərində qazanılan tarixi Qələbəmiz, əslində, dünyanın bütün ermənipərəst, şər qüvvələrinin üzərində Qələbə sayılır. Bu mənada 30 illik işğala son qoymağımız təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə məhdudlaşmır. Qələbəmizin həm də qlobal geosiyasi əhəmiyyəti var. Və bu gün Makron Fransasının, Bayden administrasiyasının, Avropa Parlamenitinin ermənipərəst deputatlarının ölkəmizə qarşı qərəzli hücumları, əsassız ittihamları, sanksiya hədələri də məhz böyük layları tərpətməyimizdən qaynaqlanır. Lakin Azərbaycan Prezidentinin güclü iradəsi və Liderlik qətiyyəti anti-Azərbaycan qüvvələrin bütün hücumlarını neytrallaşdırmağa imkan verəcək. Biz İlham Əliyevin liderliyi ilə dünya erməniliyi üzərində qazandığımız tarixi Qələbəni qoruyub saxlamağı və yeni hədəflərimizə doğru inamla addımlamağı bacaracayıq.
Qarşıdakı əsas hədəflərimizdən biri də məhz Qərbi Azərbaycana qayıdışımıza nail olmaqdır. 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir. Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd yerlərinə qayıtmalarınının təmin edilməsi də hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Qərbi Zəngəzurdan, Göyçədən, İrəvandan, digər tarixi torpaqlarımızdan deportasiya olunmuş soydaşlarımızın əzəli yurdlarına qayıdışının təmin edilməsi bu gün ümummilli məsələmizə çevrilib. Prezident İlham Əliyevin ərazi bütövlüyümüzü bərpa etməsi insanlarımızda Qərbi Azərbaycana qayıdış inamını da gücləndirib. Bu da təbiidir. Çünki dövlət başçısının özündə də bununla bağlı güclü inam hissi var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 5 dekabr 2024-cü il tarixdə Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində də bir daha Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi məsələsinə toxunub.
Prezidentimizin inamı insanlarımızın da inamını gücləndirir. Bu gün hər bir azərbaycanlı Qərbi Azərbaycana qayıdışın gerçəkləşəcəyinə inanır. Qarabağa görə əsl milli birlik nümayiş etdirən xalqımız Qərbi Azərbaycan naminə də eyni birliyi, həmrəyliyi göstərməyə hazırdır. Azərbaycan xalqı Qərbi Azərbaycana qayıdış məsələsində də öz Lideri ilə həmrəydir. Böyük qürur hissilə deyə bilərik ki, həlledici məqamlarda, taleyüklü məsələlərdə dövlət və xalq birliyi sözün əsl mənasında Dəmir Yumruğa çevrilir. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Qərbi Azərbaycana qayıdış məsələsi də xalqımız üçün eyni dərəcədə toparlayıcı amil, səfərbəredici hədəf rolunu oynayır. Bu hədəfin ideya müəllifi və öndəri İlham Əliyevdir və o, bizi bu ümummilli hədəfimizə qovuşdurmağı bacaracaq. Prezidentin “Biz birlikdə güclüyük!” deyimi xalqımızın və liderimizin birlik ruhunun göstəricisidir.
Cənab Prezidentimizi, qalib Liderimizi doğum günü münasibətilə təbrik edir və ona Bütöv Azərbaycan naminə apardığı siyasətdə uğurlar diləyirik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.