Bunları bilmək hər kəsin haqqıdır

Ola bilsin ki, siyasi münasibətlər müstəvisində bəzi mövzuların açıq müzakirəsi müəyyən səbəblərdən doğru sayılmasın. Ancaq cəmiyyətin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılması prosesinin, habelə müxtəlif manipulyasiyaların qarşısını almaq üçün qərəzli şərh olunan mövzulara mütləq olaraq aydınlıq gətirilməsi zərurəti yaranır. Bəzilərinin alovlu emosiyalarının arxasında gizlənmiş məkrli niyyətlərin bu və ya digər şəkildə təzahürünə hər birimiz dəfələrlə şahidlik etmişik. Təəssüflər olsun ki, bu gün manipulyasiya siyasətbazların əsas alətinə çevirib, onlar üçün siyasət elə manipulyasiya deməkdir. Madam ki, bu cür “bazlar” böhtan yolunu seçirlər və milli maraqlar onlar üçün heç bir dəyər təşkil etmir, onda əlbəttə ki, qərəzli siyasətin əsl səbəb və niyyətləri çılpaqlıqla ifşa olunmalıdr. Çünki milli maraqlara təhdid hesab ediləcək istənilən məsələ qarşısında susmaq və ya hansısa güzəşt yolverilməzdir.

Artıq heç kimə sirr deyil ki, regionumuzda öz geosiyasi maraqları olan “güclərin” əsas strateji hədəfi ölkəni təsir altına salmaqdan ibarətdir. Dünyada cərəyan edən proseslər və münaqişələrin sayının durmadan artması qeyd olunan mülahizəni təsbit edir. Təsadüfi deyil ki, Qafqazda həmin “güclərin” “dəbərməsi” (hərəkətə gəlməsi) təqribən eyni zamanda baş verir. Əgər illər öncə onlar bu hədəflərini hansısa formada kamuflyaj etməyə çalışırdılarsa, indi artıq bütün “silahlar” açıq şəkildə işə salınıb: ideoloji təbliğat, müxtəlif səpkili təxribatlar, konkret cəmiyyətdə şübhə toxumunun və “inkarçılıq” mədəniyyətinin yayılması, psevdoliberal dəyərlərin təbliği və s.

İstənilən ölkənin yaxın tarixinə müraciət etsək görə bilərik ki, Qərb bütün dövlətlərdə təqribən eyni siyasi texnologiyalardan istifadə edir. Bu ona görə baş verir ki, onların hədəfləri dəyişmir və onlar son dərəcədə bəllidir: təsir altında olan ərazilərin genişləndirilməsi. Böyük geosiyasətin strateji hədəfi məhz budur. Odur ki, milli maraqlar kontekstində hansısa psevdodemokratik illüziyalara qapılmaq qətiyyən olmaz. Çünki müşahidə etdiyimiz proseslər ondan xəbər verir ki, “super güclərin” iştahı durmadan artır.

Sözügedən kontekstin inkişafında Prezident İlham Əliyevin növbəti sözləri mütləq olaraq yada salınmalıdır: “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bugünə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında.” Xatırladaq ki, qeyd olunan fikirləri dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirmişdir. Əslində Qərb siyasətinin alətləri artıq çoxdan ifşa olunub, məhz elə bu səbəbdən də onlar üçün bu gün sosial şəbəkələr son ümid və əsas “təsəlli məkanıdır”. Həqiqətdə isə əsl demokratiya və siyasi peşəkarlıqla heç bir əlaqəsi olmayan sosial şəbəkələr sadəcə mükəmməl kütləvi manipulyasiya alətləridir. Burada cəmiyyətlərin siyasi-ictimai şüurunu “əyləndirilərək” zombiləşdirilməsi imkanları olduqca genişdir.

Müşahidə olunan “maraqlı” tendensiyalardan danışarkən daha bir məsələyə toxunmalıyıq. Qərbin hərəkətliliyinin artmasının hansı dövrə təsadüf etdiyinə xüsusi olaraq diqqət yetirmək lazımdır. Tarixi Qələbəmiz Qərbin regiona müdaxilə etmək imkanlarını əsaslı şəkildə məhdudlaşdırdı. Qələbədən dərhal sonra da siyasi partiyalar müstəvisində aparılan islahatlar sayəsində Qərb ölkə daxilində son dayaqlarını itirmə təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin ritorikasında rastlaşdığımız “yeni siyasi konfiqurasiya” ifadəsi isə ümumiyyətlə onlarda “qıcıq” yaradır. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq hər kəs birmənalı olaraq bilməlidir ki, dövlətə qarşı aparılan siyasətdə istənilən xarici qüvvə məhz ölkənin daxilində olan satqınlardan istifadə edir. Bəli, təəssüflər olsun, ancaq bu həqiqətdir: məsələləri öz adı ilə qeyd etməliyik və burada çəkinmək olmaz.

Lüzumsuz və əsassız tənqidlərin qarşısını almaq üçün onu da xüsusi olaraq vurğulamalıyıq ki, bəziləri bu cür yanaşmanı qərəzli olaraq anti-Qərb mövqeyi kimi dəyərləndirməyə çalışırlar. Bu, əsla elə deyil. Əksinə, ölkənin siyasi ritorikasında bəzi dairələr tərəfindən “anti-Qərb” ifadəsi məqsədyönlü şəkildə tirajlanılır ki, Qərbi Azərbaycana qarşı olan düşərgəyə çevirsinlər. Qərb üçün bu şərti obraz ona görə lazımdır ki, ölkəmizə qarşı apardıqları mübarizəni legitimləşdirsinlər.

Diqqət yetirin: Qərbin hərəkətliliyi məhz əldə olunmuş tarixi Qələbənin nəticəsində regionda formalaşan yeni reallıq, Azərbaycanın artan beynəlxalq logistik statusu, siyasi partiyalar müstəvisində aparılan islahatlar, habelə siyasi dialoq mühitinin ölkəmizdə geniş şəkildə vüsət tapması fonunda baş verir. Bütün bunların təsadüf olmasına kimsə inana bilər? Əlbəttə ki, yox. Sualı başqa cür də qoya bilərik: bütün regionun müstəqil şəkildə inkişafını təmin edə biləcək potensiala malik olan Azərbaycanın qüdrətinin artması Qərbin geosiyasi maraqlarına cavab verirmi? Əlbəttə ki, yenə də yox. Elə ona görə də siyasi partiyalardan əllərini üzmüş Qərb öz manipulyasiyalarını indi də QHT və KİV vasitəsilə etməyə çalışır. Sözsüz ki, radikallar hələ də siyasətdə öz mövcudluğunu “necəsə” qoruya biliblər, sadəcə ötən illərdən fərqli olaraq onlar artıq tam ifşa olunublar.

Bu il fevral ayının 14-də keçirilən andiçmə mərasimində bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”. Əslində budur artan məkrli hərəkətliliyin başlıca səbəbi. Bunları bilmək isə hər kəsin haqqıdır.

Politoloq Asif Adil

Comments are closed.

Tərcümə »