Azərbaycan D8-in inkişafı və İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək

Ötən gün Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə bu təşkilatın üzvü seçilməsi ölkəmiz adına həqiqətən də mühüm hadisədir. Bu, bizim önəmli siyasi-diplomatik uğurumuzdur. Əvvəllər “İslam Səkkizliyi” adlanan, indi isə Azərbaycanın üzv seçilməsi ilə D-9 kimi yenilənən bu mötəbər beynəlxalq təşkilat həm öz gücünü artırmış oldu, həm də ölkəmizin artan nüfuzunu dünyaya sərgilədi. Bunu qardaş Türkiyənin Prezdenti Rəcəb Tayyib Ərdoğan da D8-in 11-ci Zirvə görüşündəki çıxışında xüsusi olaraq vurğuladı. “Qardaş Azərbaycana təşkilatımıza “xoş gəldin” deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək”, – deyən Ərdoğan Azərbaycana yeni qoşulduğu bu təşkilatda uğurlar dilədi.

Onu da qeyd edək ki, illər öncə məhz Türkiyənin təşəbbüsü ilə yaradılan D-8 demək olar ki, qapalı təşkilat sayılırdı. Yəni ki, ötən illər ərzində qurucu üzv-dövlətlərdən başqa heç bir müsəlman ölkəsi bu təşkilata üzv qəbul edilməyib. Odur ki, Azərbaycanın bu iqtisadi birliyə üzv qəbul edilməsi sözügedən təşkilatın ilk genişlənmə təşəbbüsü kimi əhəmiyyətlidir. Bu, müsəlman həmrəyliyinin təzahürü olmaqla yanaşı, həm də Azərbaycana göstərilən böyük etimadın təsdiqidir. Təsadüfi deyil ki, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən Prezident İlham Əliyev də adı çəkilən ölkələrin Azərbaycanın namizədliyinə dəstəyini bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib və Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı və İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Bəli, D-8 kimi dünya müsəlmanlarının 60 faizini əhatə edən və dinamik iqtisadi inkişaf göstəricilərinə malik olan nüfuzlu iqtisadi əməkdaşlıq təşkilatının sıralarının genişlənməsinə ilk olaraq məhz Azərbaycanın üzv qəbul edilməsi ilə start verilməsi dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim üçün qürur mənbəyidir. Azərbaycanın bir sıra qlobal nəqliyyat dəhlizilərində açar ölkə rolunu oynaması və eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçiddə fəal mövqe tutması D-8 çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Bu təşkilata üzv qəbul edilməyimiz çoxqütblü dünya düzəninin formalaşması prosesinin getdiyi hazırkı məqamda ölkəmizin önəmli aktor olduğunu göstərir. Güclərin təmərküzləşməsi dövründə biz də mühüm güclərdən biri kimi qəbul olunuruq. Bu da Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »