Azərbaycanda kirayəçiyə bunları etmək qanunsuzdur – AÇIQLAMA

Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyərək həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarını qoruyur. Lakin bəzən bu münasibətlərdə mübahisələr yarana bilər.

Milli.Az xəbər verir ki, ev sahibinin kirayəçini evdən çıxarmaq istəməsi müəyyən hallarda baş verə bilər və bu, qanunla tənzimlənir. Kirayə müqaviləsinin pozulması, ödənişlərin edilməməsi və digər səbəblər ev sahibinə hüquqi yolla kirayəçini çıxarmağa imkan verir.

Bəs ev sahibi kirayəçini hansı hallarda evdən çıxara bilər?

Məsələ ilə bağlı Milli.Az-a hüquqşünas Nurlan Səfərov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ev sahibləri kirayəçiləri müəyyən şərtlər altında evdən çıxara bilərlər. Bu proses hüquqi çərçivədə tənzimlənir və həm kirayəçinin, həm də ev sahibinin hüquqları qorunur. Ev sahibinin kirayəçini evdən çıxarması üçün əsas olan hallardan biri kirayə müqaviləsinin vaxtının bitməsidir. Kirayə müqaviləsi müəyyən bir müddət üçün bağlanır. Əgər müqavilə müddəti başa çatıbsa və kirayəçi yeni müqavilə bağlamaq istəmirsə, ev sahibi onu evdən çıxarmaq hüququna malikdir. Lakin, bu zaman kirayəçinin qarşısına əlavə tələblər qoyulması qanunsuzdur.

“Kirayəçi müqaviləyə əsasən, ev sahiblərinə müəyyən vəsaitləri ödəməli, yaşayış yerini qorumağa məsuliyyət daşımalıdır. Əgər kirayəçi aylıq kirayə haqqını ödəmirsə, müqavilə şərtlərini pozursa, ev sahibi ona xəbərdarlıq edərək müqaviləni ləğv edə bilər. Bu halda, kirayəçi ədalətli müddət ərzində ödənişləri etmədikdə evdən çıxarılma hüququna malikdir. Ev sahibi kirayəçinin olduğu mənzilə şəxsi ehtiyac duyduğunda da onu çıxara bilər. Bu halda ev sahibi kirayəçini ən azı 3 ay əvvəl xəbərdar etməlidir. Məsələn, ev sahibi öz ailəsinin yaşaması üçün mənzilə ehtiyacı olarsa, bu əsasla kirayəçi evdən çıxarıla bilər.

Əgər kirayəçi evdə qanunsuz fəaliyyətlə məşğuldursa, məsələn, narkotik maddələrin saxlanması, cinayətkar fəaliyyət, qonşulara narahatlıq vermək və s., ev sahibi hüquq-mühafizə orqanlarına müraciət edərək kirayəçini evdən çıxara bilər.

Kirayəçinin yaşayış şəraitini təhlükəyə atan ciddi pozuntular (evin bərbad vəziyyətə düşməsi, elektrik və su təchizatının kəsilməsi və s.) halında ev sahibi kirayəçini çıxara bilər. Lakin, bu vəziyyət yalnız ev sahibinin məsuliyyətsizliyi və ya zəruri təmir işlərinin aparılmaması səbəbindən baş verərsə, ev sahibi bu məsuliyyəti daşıyır.

Ev sahibləri və kirayəçilər arasında münasibətlər qanunla tənzimlənir və hər iki tərəfin hüquqları qorunmalıdır. Hər hansı bir tərəf qarşısına qoyulan şərtləri yerinə yetirmədikdə, hüquqi yollarla məsələni həll etmək mümkündür. Müqavilə bağlanarkən hər iki tərəfin hüquqlarını dəqiq müəyyənləşdirməsi, potensial mübahisələrin qarşısını almağa kömək edə bilər”.

Qeyd edək ki, ev sahibi və kirayəçi arasında baş verən hər hansı mübahisə zamanı hüquqi məsləhət almaq və problemə hüquqi çərçivədə yanaşmaq vacibdir.

Comments are closed.

Tərcümə »