Avropa İttifaqı Şurası Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Avropa ittifaqı (Aİ) Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şura dekabrın 16-da Rusiyanın Ukraynaya qarşı müharibə imkanlarını daha da məhdudlaşdırmaq məqsədi ilə 15-ci sanksiya paketini təsdiqləyib. Sanksiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 54 şəxs və 30 quruma şamil olunub.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qeyd edib ki, bu addım Ukraynaya davamlı dəstəklə bağlı Aİ dövlətlərinin birliyini göstərir:
“Bizim bilavasitə prioritetimiz Ukraynanı mümkün olan ən güclü mövqeyə çatdırmaqdır. Humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi – bir sözlə, bütün cəbhələrdə Ukrayna xalqının yanında olacağıq. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz”.
Bəyanatda vurğulanıb ki, Rusiya neftin qiymətinin yuxarı həddən yayınması yollarını axtararkən, Aİ bu cür yayınmaların qarşısını almaq üçün tədbirləri gücləndirməkdə qərarlıdır:
“Bugünkü paket həm də Rusiyanın “kölgə donanması”ndakı 52 yeni gəmini hədəfləyir və onların ümumi sayını 79-a çatdırır. Bu gəmilərin limana girişinə və onlara xidmət göstərilməsinə qadağa qoyulur. Çünki həmin gəmilərin Rusiya neftini və ya neft məhsullarını daşıması, silah tədarükü, taxıl oğurluğu və ya Rusiyanın enerji sektoruna dəstək verərkən yüksək riskli gəmiçilik təcrübələri ilə məşğul olduğu müəyyən edilib”.
Xatırladaq ki, dekabrın 11-də Aİ-nin 27 ölkəsinin səfirləri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin qəbulu ilə bağlı razılığa gəlmişdilər. Bundan əvvəl isə 2024-cü il iyunun 24-də Aİ Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib.
Comments are closed.