Avropa İttifaqının (Aİ) diplomatik xidmət rəhbəri Kaya Kallas ittifaqın yeni Suriya hakimiyyəti ilə əlaqələr qurmaq üçün ilk addımları atdığını elan edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Aİ səfirləri Dəməşqə göndəriləcək və yeni hakimiyyətlə təmaslar qurulacaq.
“Mən Aİ səfirlərini Dəməşqə göndərərək yeni hakimiyyətlə əlaqələr qurmaq səlahiyyəti verdim”, – deyə Kaya Kallas bəyan edib.
Kallasın sözlərinə görə, Aİ xarici işlər nazirləri yaxın zamanda Suriyanın yeni hakimiyyəti ilə “necə və hansı səviyyədə” əməkdaşlıq ediləcəyini müzakirə edəcəklər. O həmçinin əlavə edib ki, Avropa İttifaqı Suriyanın “doğru istiqamətdə hərəkət etməsi” halında ona müəyyən dəstək təklif edə bilər.
Analitiklər hesab edir ki, Aİ-nin bu addımı Suriyada rejim dəyişikliyindən sonra yeni hakimiyyətlə münasibətləri formalaşdırmaq və regionda sabitliyi təmin etmək məqsədini daşıyır. Bununla belə, Suriya ilə əməkdaşlıq səviyyəsi Aİ-nin insan hüquqları, demokratik dəyərlər və regional təhlükəsizlik məsələlərində hansı şərtləri irəli sürəcəyindən asılı olacaq.
Aİ-nin Suriya ilə diplomatik əlaqələr qurması ABŞ, Türkiyə və Rusiya kimi böyük güclərlə münasibətlərdə də yeni dinamikalara səbəb ola bilər.
Comments are closed.