Afrika Buynuzu ölkələrindən biri olan Efiopiya ilə Somali arasında bir müddətdir davam edən Somaliland böhranı Türkiyənin vasitəçiliyi ilə həll olunmaqdadır. Prezident Ərdoğan prosesi şəxsən idarə edib. Türkiyə Afrika qitəsində sabitliyə, sülhə və firavanlığa töhfə verəcək tarixi bir addıma rəhbərliyi bacarıb.
Musavat.com bildirir ki, Ankarada keçirilən görüşlərlə bağlı “Hürriyyət” qəzetində diqqətçəkən məqalə yayımlanıb.
Məqalədə qeyd edilib ki, Afrikada müharibənin astanasında olan iki ölkə Türkiyənin səyləri nəticəsində razılığa gəlib:
“Afrika… Qərb dövlətlərindən tutmuş Rusiya və Çinə qədər demək olar ki, hər kəsin diqqətində olan sirli qitə. Prezident Tayyib Ərdoğan Afrika qitəsinə çoxlu səfərlər etdi və hər ölkədə verdiyi mesaj bu oldu: “Bizim Afrikaya baxışımız heç vaxt bu torpaqlara sonradan gələn müstəmləkəçilər kimi olmadı və olmayacaq. Biz Afrika qitəsindəki bütün münasibətlərimizi qarşılıqlı hörmət, sevgi və qazan-qazan prinsipi üzərində qururuq. Biz əlaqələrimizi birlikdə inkişaf etdirmək, birlikdə idarə etmək və birlikdə zənginləşdirmək istəyən bir anlayışla inkişaf etdirməyə çalışırıq”.
Afrikada müharibənin astanasında olan iki ölkə düz 7 saat sonra Ankarada razılığa gələndə bu mesajın hədəfə çatdığı görüldü. Somali və Efiopiya prezidentləri öz nümayəndə heyətləri ilə sakitcə Ankaraya gəldilər”.
Bəs bu iki ölkə müharibə həddinə necə gəlib çıxıb?
Məqalədə dənizə çıxmaq istəyən Efiopiya ilə ərazi bütövlüyündən narahat olan Somali arasında yaşananlar belə ümumiləşdirilib:
“- 1991-ci ildə Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland və Efiopiya arasında yanvarın 1-də saziş imzalanıb. Beləliklə, Efiopiya dənizə çıxış və limandan istifadə etmək üçün 50 illik hüquq əldə edib.
– Bunun müqabilində Efiopiya Somalilandı müstəqil ölkə kimi tanıdı.
– Somali rəhbərliyi buna kəskin reaksiya verib. Nəticədə böhran böyüyüb və iki ölkə bir-birini hərbi güc tətbiq etməklə hədələyib.
– Ərəb Liqası və Afrika Birliyi də daxil olmaqla bir çox ölkə vəziyyətə müdaxilə edib, amma bütün bunlar nəticə verməyib”.
Qeyd edək ki, Türkiyə Prezidentinin tapşırığına əsasən, xarici işlər naziri Hakan Fidan 2024-cü ilin iyul ayında iki ölkə arasında yaranmış problemlərin həlli üçün Ankara prosesinin təşəbbüskarı olub və bu prosesdə çoxsaylı görüşlər keçirilib. Ötən gün iki ölkənin liderləri Ankarada bir araya gəliblər. Ərdoğan əvvəlcə iki liderlə ayrı-ayrılıqda, daha sonra üçtərəfli, həmçinin hər iki ölkənin nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Danışıqlar düz 7 saat davam edib.
Türkiyənin töhfələri ilə hazırlanan anlaşma memorandumu üçün iki heyət arasında bəzən diplomatlarla, bəzən də xarici işlər naziri Fidanın razısalma səfərləri ilə uzlaşma əldə edilib.
Comments are closed.