İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycanla İrlandiya arasındakı ikitərəfli münasibətlərin inkişafından, diplomatik əlaqələrin möhkəmləndirilməsindən və iki ölkə arasındakı əməkdaşlıq perspektivlərindən danışıb.
Spiker Azərbaycanın beynəlxalq səviyyədəki uğurlarını yüksək qiymətləndirib, xüsusilə COP29-un təşkilatçılığının uğurlu keçdiyini vurğulayaraq deyib:
“Hər şeydən əvvəl, Azərbaycan bu cür böyükmiqyaslı tədbiri necə yüksək səviyyədə təşkil etməsi ilə bizi heyran etdi. Həmçinin İrlandiyanın ətraf mühit naziri Eamon Ryanın COP29-da mühüm iştirakından qürur duyuruq. Bütün çətinliklərə baxmayaraq, tədbirin uğurla nəticələnməsi üçün ciddi səylər göstərildi və müsbət nəticə əldə olundu. Bəlkə də nəticələr idealistlərin gözləntilərindən fərqli idi, lakin daha praqmatik, realist və mümkün olan hədəflər baxımından düşünüləndən daha çox uğur əldə edildi”.
Azərbaycanla İrlandiya arasındakı əlaqələrin möhkəmləndirilməsi məqsədilə atılan diplomatik addımları yüksək qiymətləndirən Şon Oferghail Azərbaycanın İrlandiyada ilk dəfə fəxri konsulunun təyin olunmasını əlamətdar hadisə kimi dəyərləndirib: “Düşünürəm ki, bu, çox mühüm bir addımdır. Bu addım, ölkələrimiz arasında mövcud olan dostluq və yaxşı niyyət üzərində işləmək əzmini göstərir. Əminəm ki, bu münasibətlər daha da güclənəcək və bunun nəticəsində iqtisadi, sosial, mədəni və təhsil sahələrində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Bu addımlar nəticəsində İrlandiyanın Azərbaycana investisiyanın həcmini artıracağına, Azərbaycanın İrlandiyaya daha çox ixracat həyata keçirəcəyinə və iki ölkə arasında turizm mübadiləsinin artacağına ümid edirəm. Bu, Azərbaycanla İrlandiya arasındakı münasibətlərin inkişafında son dərəcə əhəmiyyətli bir addımdır”, – deyə spiker qeyd edib.
İki ölkə parlamentlərinin sıx əməkdaşlıq edərək daha güclü münasibətlər qurmasını istədiyini deyən Şon Oferghail əlavə edib: “Bu münasibətlərdən daha geniş ikitərəfli iqtisadi, sosial, mədəni və təhsil kontekstləri yaranacaq. İndi biz iki ölkə arasında diplomatik əlaqələri gücləndirmək üçün daha konkret addımlar atmağa çalışırıq. İrlandiyada bir konsulluğun olması dəstək və mövcudluq hissini gücləndirəcək. Bütün bu addımların əsas məqsədi ölkələrimiz arasında daha sıx kommersiya, sosial, mədəni və təhsil əməkdaşlığına yol açmaqdır. Biz bir-birimizdən çox şey öyrənə bilərik. Həmçinin irlandiyalı tələbələrin Azərbaycana, azərbaycanlı tələbələrin isə buraya səfər etməsini səbirsizliklə gözləyirəm”.
Spiker, həmçinin İrlandiyada yaşayan Azərbaycan diasporunun cəmiyyətə verdiyi böyük töhfələri qeyd edərək deyib: “Azərbaycan icmasının İrlandiyada təkcə iqtisadiyyatımıza deyil, eyni zamanda, İrlandiya cəmiyyətinə verdiyi böyük töhfələri yüksək qiymətləndiririk”.
Şon Oferghail Azərbaycanla İrlandiya arasındakı əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə və güclənəcəyinə ümid etdiyini bildirib. O, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasına İrlandiyanın dəstəyini də ifadə edib.
Comments are closed.