ABŞ Gürcüstanın rəsmi şəxslərinə viza sanksiyaları tətbiq etdi

Amerika Birləşmiş Ştatlarnın Dövlət Departamenti ölkədə “demokratiyaya zərbə vurmaqda məsul olan” 20 Gürcüstan vətəndaşına viza məhdudiyyəti qoyub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyahıya nazirlər, parlament üzvləri və təhlükəsizlik rəsmiləri daxil olub.

Bəyanatda deyilir ki, sanksiyalar 20 nəfərə, o cümlədən Gürcüstan hökumətinin nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəsmiləri, eləcə də fiziki şəxslərə şamil ediləcək. Siyahıya daxil olanların adları verilmir.

“Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən etirazçılara, media mənsublarına, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı davam edən qəddar və əsassız zorakılığını qətiyyətlə pisləyir. “Gürcü arzusu” Gürcüstan xalqının böyük əksəriyyətinin arzuladığı və Gürcüstan konstitusiyasında nəzərdə tutulan Gürcüstanın Avro-Atlantik gələcəyinə arxa çevirib” – Departamentinin bəyanatında deyilir

Əlavə sanksiyaların hazırlandığı da açıqlanıb.

Gürcüstan parlamentinin spikeri, “Gürcü arzusu” partiyasının üzvü Şalva Papuaşvili prezident Co Baydenin hakimiyyətdən gedən administrasiyasının sanksiyalarını mənasız adlandırıb.

“Bu, seçkiləri uduzmuş administrasiyadır, onların mandatı başa çatır. Buna baxmayaraq, onlar Amerika xalqının Gürcüstan kimi mühüm tərəfdaşla münasibətlərini korlayırlar. Bu, sizi düşündürür”, – Papuaşvili jurnalistlərə bildirib.

Gürcüstanda baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini elan etməsindən sonra başlayan kütləvi etirazlar noyabrın 28-dən davam edir. Polis etirazları sərt şəkildə dağıtır; 500-ə qədər adam saxlanılıb.

ABŞ Dövlət Departamenti noyabrın sonunda hakim “Gürcü arzusu” partiyasının “müxtəlif antidemokratik hərəkətləri” səbəbindən Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını elan edib.

Comments are closed.

Tərcümə »