XİN rəhbərindən açıqlama: “Beynəlxalq platformalarda ölkəmiz fəal xarici siyasət yürüdüb”

“Bu il ərzində Prezident İlham Əliyevin qoyduğu hədəflərə uyğun olaraq, həm ikitərəfli əsasda, eyni zamanda beynəlxalq platformalarda ölkəmiz fəal xarici siyasət yürüdüb. Bu il nəinki, ölkəmizin, dünyanın beynəlxalq gündəliyində ən önəmli tədbirlərdən biri COP29 beynəlxalq konfransı idi ki, Azərbaycan bunu böyük uğurla yekunlaşdırdı. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da tarixi qərarlar qəbul olundu: iqlim maliyyəsi üzrə razılıq əldə olundu, Paris sazişinin 6-cı maddəsi tam şəkildə razılaşdırıldı, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi prosesi yekunlaşdı, eyni zamanda 60-a yaxın mühüm qərar qəbul edildi”.

Bu fikirləri Xarici İşlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

XİN rəhbəri Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı şərhində qeyd edib ki, müxtəlif istiqamətlərdə müsbət inkişaf müşahidə olunub:

“İlk dəfə olaraq iki dövlət arasında sərhədin bəlli hissəsinin delimitasiya və demarkasiyası həyata keçirilib. Avqust ayında delimitasiya komissiyalarının reqlamentinin təsdiq edilməsini və bu istiqamətdə işlərin davam etməsini qeyd edə bilərik. Sülh müqaviləsi üzrə çoxsaylı fiziki görüşlər həyata keçirilib. Həmçinin, mətn üzrə mübadilələr davam etdirilib. Hələ də açıq suallar var. Bəlli irəliləyişlər əldə edilib. Həmin suallarla bağlı işlər davam edir. Artıq bir neçə raund danışıqlar, mətn mübadilələri həyata keçirilib. Layihə preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər demək olar ki, tam razılaşdırılıb. İki maddə üzrə açıq suallar var. Həmin açıq suallar üzrə son müddət ərzində  işlər davam edir. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, digər önəmli məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktıdır. Bununla bağlı biz Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər təbii ki, bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu məsələni daha da mürəkkəbləşdirib. Konstitusiya Məhkəməsinin qərarında Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Ermənistan Konstitusiyasının preambulasında Ermənistan Müstəqillik aktına istinad var ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin növbəti qərarı vəziyyəti daha da mürəkkəbləşdirib”.\\musavat\\

Comments are closed.

Tərcümə »