Tramp yardımı tam dayandırsa, Ukrayna nə qədər tab gətirəcək? – Nazir açıqladı

“ABŞ-dan yardım dayandırılsa belə, Ukrayna ən azı altı ay ərzində Rusiyanın təcavüzünə qarşı durmaq üçün kifayət qədər vəsait və silaha malik olacaq”.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko “El Pais” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtondan mümkün yardımın dayandırılması Ukrayna üçün böyük problem və çağırışdır, ona görə də yeni administrasiya ilə əməkdaşlıq “prioritet strategiya” olmalıdır:

“Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısına tab gətirmək üçün kifayət qədər vəsaitimiz, silahımız, raket və artilleriya mərmilərimiz var. 2025-ci ildə döyüş sursatı və lazımi hərbi texnikanın alınması üçün kifayət qədər büdcə vəsaiti ayıracağıq. Hazırda lazımi silahları alırıq. Bu o deməkdir ki, ən azı ilin birinci yarısında və ondan sonra biz bu təcavüzə qarşı durmaq üçün yaxşı təchiz olunmuş olacağıq”.

Marçenko vurğulayıb ki, Ukrayna ABŞ-dakı əsas müttəfiqləri ilə lazımi danışıqlar aparmaq üçün bu vaxtdan “ağıllı” istifadə etməlidir.

O əlavə edib ki, Ukraynanın NATO-ya qoşulmasının yeganə alternativi müasir və güclü Ukrayna ordusudur, lakin onu yalnız öz resursları hesabına saxlamaq mümkün deyil:

“Biz indi ÜDM-in 26 faizindən çoxunu hərbi sahəyə xərcləyirik, çünki müharibənin ortasındayıq. Müharibə bitəndən sonra da boşalan ehtiyatları bərpa etmək, daha da gücləndirmək, Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzü haqqında düşünməsinə belə mane olmaq üçün ordunu müasirlədirməyiyimizə çox əhəmiyyətli rəqəmlər tələb olunacaq”.

Comments are closed.

Tərcümə »