Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Yon Hyon həbsdə olduğu müddətdə intihara cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda onun səhhəti normaldır.
Məlumata görə, Kim Yon Hyon hərbi vəziyyətin elan edilməsi planının əsas iştirakçılarından biri hesab olunur.
Parlamentdə keçirilən dinləmələrdə Ədliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, istintaq təcridxanasının əməkdaşı çərşənbə axşamı Kim Yon Hyonun bu addımını müşahidə edib.
“Onun fiziki sağlamlığının normal olduğu barədə hesabat alınıb”, – deyə məmur qeyd edib.
Mətbuatda yayılan məlumatlara görə, Kim Yon Hyon hərbi vəziyyətin tətbiqinə faktiki rəhbərlik edib. Ordu xüsusi təyinatlılarının komandanının sözlərinə görə, sabiq nazir xüsusilə hərbçilərə parlamentdən deputatları çıxarmağı əmr edib. Kim Yon Hyon konstitusiya quruluşunun devrilməsi məqsədilə qiyam törətməkdə şübhəli bilinir. Bu cür hərəkətlər ciddi şəkildə cəzalandırılır, hətta ömürlük həbs və ya ölüm hökmünə qədər.
Xatırladaq ki, Koreya Respublikasının prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Nəticədə, dövlət başçısı təxminən altı saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Comments are closed.