Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili “Bloomberg” nəşrinin milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb. Onun sərvəti 7,73 milyard dollar təşkil edir.
“Report” xəbər verir ki, nəşrin məlumatına əsasən, ilin əvvəlindən 9 noyabr tarixinədək milyarderin sərvəti 1,13 milyard dollar artıb. Nəşrin siyahısında ümumilikdə 500 milyarder yer alıb.
“Bloomberg”in qiymətləndirməsinə görə, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər və nağd vəsaitlər, alternativ investisiyalar və əmtəələrdən ibarətdir. Bundan əlavə, partiyanın fəxri sədri 1 milyard dollarlıq incəsənət əsərləri kolleksiyası toplayıb.
B.İvanişvili öz sərvətini 1990-cı illərdə Rusiyada qazanıb və daha sonra Gürcüstana köçüb, burada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə o, siyasətlə məşğul olmaq niyyətini açıqlayıb və “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını qurub.
Comments are closed.