İlk dəfə Bakı metropolitenində bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb.
İctimai Rəy “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir.
Bildirilib ki, çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq: “Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq. Nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin, əsasən, aradan qaldırılmasına təsir edəcək”.
Məlumata görə, qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq: “Bu yenilik “Əlçatan metro” layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək. Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq.
Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub”.
Comments are closed.