İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır

Prezident İlham Əliyevin Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda 2-ci beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlərin Ermənistan mətbuatında da geniş tirajlanması və bu ölkənin ictimai-siyasi dairələrində təşvişə səbəb olması gözlənilən idi. Çünki ermənilərin 200 illik anti-Azərbaycan strategiyasını darmadağın edən dövlətimizin başçısı sözügedən müraciətində Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi məsələsini yenidən gündəmə gətirib. İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır. Bu hədəfimizin gerçəkləşməsi ermənilərin bütün təcavüzkar planlarının, o cümlədən “böyük ermənistan” planının da üzərindən birdəfəlik xətt çəkmiş olacaq.

Rəsmi Bakının Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıdışı uğrunda mübarizəni Azərbaycan dövlətinin və xalqının 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün strateji hədəflərindən biri olaraq bəyan etməsi həm də ona görə Ermənistanın ictimai-siyasi dairələrində ciddi narahatlığa səbəb olur ki, qayıdışn baş tutması Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi ilə yanaşı, həmçinin Ermənistan dövlətinin xalqımıza məxsus tarixi-mədəni irsə qarşı vandal davranışının ifşa olunmasına səbəb ola bilər. Cənab Prezident də Qərbi Azərbaycana Qayıdışla bağlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bu məsələyə toxunaraq bildirib ki, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Azərbaycanın dövlət başçısının bu çağırışı Ermənistan tərəfini fakt qarşısında qoyur. Rəsmi İrəvan indiyə qədər ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə verməkdən müxtəlif bəhanələrlə yayınıb. Çünki Ermənistandakı bütün mədəni və dini abidələrimiz, tarixi məkanlarımız, məscid və qəbiristanlıqlarımız məqsədyönlü şəkildə məhv edilib, bütövlükdə maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurulub. Ermənilər Qərbi azərbaycanlıları deportasiya etməklə həm etnik təmizləmə siyasəti, həm də kultursid, mədəni soyqırım siyasəti həyata keçiriblər.

Bu baxımdan, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun faktaraşdırıcı missiya göndərməsinə icazə verilməsi Ermənistanın barbar və vandal dövlət kimi bütün dünyada rüsvay olması ilə nəticələnə bilər. Bax, buna görə də ermənilər İlham Əliyevin çağırışlarından narahat olurlar. Lakin Azərbaycan Prezidentin çağırış və tələbləri öz işini görəcək. Ermənilər tərəfindən mədəni irsimizə qarşı həyata keçirilən barbar siyasət gec-tez ifşa olunacaq. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına ləyaqətli qayıdış prosesi də mütləq baş tutacaq, tarixi ədalət öz yerini tapacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »