Son illərdə Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Fransa prezidenti Emmanuel Makron üçün yolun sonu görünməyə başlayıb. Bunu hazırda Fransada yaşanan ciddi siyasi böhranın və ya siyasi zəlzələnin nəticələrindən də görmək mümkündür. Fransanın baş naziri Mişel Barnyenin bu gün Yelisey Sarayına gələrək istefa ərizəsini prezident Makrona təqdim etməsi sözügedən siyasi böhranın “pik” nöqtəsidir. Bu, Fransa prezidenti üçün həddindən artıq ağrılı nəticədir.
Çünki Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra, prezident Emmanuel Makronun da istefasının tələb ediləcəyi açıqlanıb. Makronun siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Hərçənd ki, Fransa prezidenti heç bir halda postunu tərk etməyəcəyini bildirib. Ancaq daxili və xarici siyasətdə yol verilən ağır səhvlər Mişel Barnyenin sonunu gətirdiyi kimi Makronun da siyasi karyerasını bitirə bilər.
Prezidentin və baş nazirin 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinin müxalifət tərəfindən rədd olunması fonunda, baş nazirin sözügedən layihəni parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi prezident Emmanuel Makronun özünün də mövqelərini ciddi şəkildə sarsıdır. Makronun mövqelərinin zəiflətməsi isə ölkədə siyasi böhranın davam etməsini şərtləndirəcək.
Makronun və Barnyenin təqdim etdikləri ölkə üçün mühüm islahatların başlanğıcı kimi təbliğ olunan büdcə layihəsinin parlamentdə keçirilən səsvermə zamanı lazımi dəstəyi qazana bilməməsi bir daha onu göstərdi ki, Makronun hökumətinə olan inam həqiqətən də həddindən artıq azalıb. Hazırda fransızların 63 faizindən çoxu Makronun istefasını istəyir. Bu, Makronun siyasi reytinqinin aşağı düşdüyünü göstərən rekord göstəricidir. Respondentlərin əksəriyyəti hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda parlamenti (Fransa Milli Assambleyasını) buraxmaq qərarının doğurduğu siyasi böhrana görə məsuliyyət daşıyır.
Beləliklə, bu gün əksər fransızlar Emmanuel Makronun Yelisey Sarayını tərk etməsini istəyir. Makronun istər daxili siyasətdə, istərsə də xarici siyasətdə üzləşdiyi uğursuzluqlar onun hər an tarixin arxivinə göndərilməsi ilə nəticələnə bilər. Fransa liderinin yürütdüyü ksenofob, islamofob, türkəfob, irqçi, ermənipərəst siyasət bir çox ölkələrlə yanaşı, Azərbaycanla da münasibətləri tamamilə korlayıb. Makronun ermənipərəst siyasəti Fransanın öz milli maraqlarına zərbə vurdu. Onun Ermənistanı silahlandırması Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini də ləngitdi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda və Ukraynada əsas söz sahibi kimi çıxış etməyə çalışdı, lakin burada da fiasko ilə üzləşdi. Bir sözlə, Fransanın bugünkü uğursuzluqlarının səbəbi Makronun apardığı yanlış və qərəzli siyasətdir. Ona görə fransızlar çıxış yolunu Makronu istefaya getməyə çağırmaqda görürlər.
“Biz indi Makronu istefaya getməyə çağırırıq”,- deyən “Əyilməz Fransa” Partiyasının rəhbəri Matild Panot jurnalistlərə bildirib ki, ölkədə dərinləşən siyasi böhranı həll etmək üçün erkən prezident seçkiləri keçirilməlidir. Hakimiyyət ambisiyalarından əl çəkə bilməyən Makron isə səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. Lakin Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb. Makron ədalətsiz siyasətinin bədəlini ödəyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.