Ermənistanın nümayəndələri deportasiya həqiqətləri ilə, etnik təmizləmə və soyqırımı həqiqətləri ilə üzləşməli olurlar
Ermənistandan bütün azərbaycanlıların zorakılıqla qovulması, deportasiya edilməsi faktının BMT rəsmisi səviyyəsində ifşa edilməsi tarixi ədalətin yavaş-yavaş öz yerini tutduğunu göstərir. Söhbət bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilməsi zamanı həqiqətin üzə çıxarılmasından gedir. Belə ki, sözügedən məruzəyə baxışın ilk günündə (dekabrın 2-də) Komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib. Bu sorğu Ermənistan nümayəndə heyətini çətin vəziyyətə salıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını etiraf etməli olub, lakin eyni zamanda ənənəvi erməni xislətinə sadiq qalaraq sənəddə Azərbaycanla bağlı yazılan iddiaları məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb. Beləliklə, Ermənistan nümayəndəsi üzləşdiyi pərt vəziyyətdən diplomatik hiyləgərliklə çıxmağa çalışıb. Lakin heç bir Ermənistan rəsmisini, o cümlədən bu ölkənin baş naziri Nikol Paşinyanı diplomatik don geyinmək, cümləpərdazlıqla məşğul olmaq sərt həqiqətlər qarşısında aciz duruma düşməkdən xilas edə bilməz.
1987/91-ci illərdə azərbaycanlıların öz doğma yurdları olan Qərbi Azərbaycan torpaqlarından Ermənistan dövləti tərəfindən qovulması ən yeni tarixin danılmaz faktıdır. Rəsmi İrəvan bu tarixi ədalətsizlik faktını, öz qeyri-erməni əsilli vətəndaşlarına qarşı barbarcasına davranışını heçnə ilə ört-basdır edə bilməz. Qərbi azərbaycanlıların deportasiya edilməsi beynəlxalq qurumlar tərəfindən də təsdiqlənib. Və bu gün elə həmin beynəlxalq qurumların kürsülərindən Azərbaycana qarşı həyasızcasına iftiralar yağdıran Ermənistanın nümayəndələri deportasiya həqiqətləri ilə, etnik təmizləmə və soyqırımı həqiqətləri ilə üzləşməli olurlar. Qərbi azərbaycanlıların etnik təmizləməyə, xocalılıların soyqırımına məruz qalması faktları Ermənistan liderlərini də, erməni diplomatlarını da daim kabus kimi izləyəcək. Onlar hər yerdə bu acı həqiqətlərlə üzləşməli olacaqlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.