Bu ərazilərdən əmlak almaq QAZANDIRACAQ – Ev, torpaq, mənzil…

Paytaxt ərazisində həyata keçirilən söküntülər, Baş planda nəzərdə tutulan yeniliklər və dinamik qiymət artımı daşınmaz əmlak bazarında intensiv dəyişikliklərə səbəb olur. Hazırda Bakının bəzi ərazilərində alıcı tələbatı pik həddə çatıb. Bir çox ərazilərin də yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi perspektivə çevriləcəyi gözlənilir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yaxın gələcəkdə paytaxt ərazisində və şəhərətrafı yerlərdə infrastruktur şəraitinin yüksəlməsi qiymətləri daha da artıracaq:

“Qiymətlərin artmasında müəyyən psixoloji baryer olur. Bu ondan ibarətdir ki, hər bir ərazidə yerləşən daşınmaz əmlak müvafiq qaydada müəyyən qiymətədək yüksələ bilir. Ondan sonra isə dövri olaraq artım dinamikası görülsə də, o qədər də yüksək olmur. Məsələn, Bakının mərkəzində, məlum olduğu kimi, daşınmaz əmlakın qiyməti xeyli yüksək idi. Amma şəhərdənkənar və mərkəzə o qədər də yaxın olmayan ərazilərdəki artım tempi mərkəzdən daha yüksək olub. Hətta “Xətai”, “Həzi Aslanov”, “Əhmədli” kimi metrostansiyaların ətrafındakı daşınmaz əmlakın qiyməti o qədər yüksəlib ki, mərkəzdəkilərə gəlib çatıb.

Bu psixoloji baryerin ortada olması faktıdır. Yəni Bakının Baş planı həyata keçirildikdən sonra qiymətlər təbii ki, yüksəlməyə davam edəcək. Çünki harada infrastruktur yenilənirsə və inkişaf edirsə, həmin ərazilərdə daşınmaz əmlakın qiyməti yüksəlir”.

Vüqar Oruc qeyd edib ki, şəhərətrafı ərazilər yaxın gələcəkdə qiymət baxımından daha perspektivli olacaq:

“Digər tərəfdən, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, illik infliyasiya kimi faktorlar da daşınmaz əmlak qiymətlərində artıma səbəb olur. Eyni zamanda, söküntülər daşınmaz əmlak bazarında tələbatın artmasına gətirib çıxaracaq. Çünki binalar sökülən zaman həmin sakinlər təbii ki, əmlak bazarına üz tuturlar. Bu da qiymətlərin artımı ilə nəticələnir. Ona görə də, yeni Baş plan həyata keçirildikdən sonra bahalaşma mütləqdir.

Ərazi baxımından düşünürəm ki, şəhərin mərkəzində bu artımı o qədər də hiss etməyəcəyik. Bu artım mərkəzəyaxın və ətraf ərazilərdə baş verəcək. Hazırda faktla qarşı-qarşıyayıq. Çünki ipoteka krediti ilə bağlı müraciət edən vətəndaşlar əksər hallarda paytaxtdan kənar ərazilərə üz tuturlar. Bu da onu göstərir ki, zaman keçdikcə qiymət artımı daha çox şəhərin kənarında baş verəcək”.

Comments are closed.

Tərcümə »