Putindən Qarabağ açıqlaması – “İrəvan “DQR”-i öz ərazisi elan etməmişdi”

Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvana qarşı formal olaraq heç bir xarici təcavüz olmadığı üçün KTMT Dağlıq Qarabağ münaqişəsinə Ermənistanın tərəfində müdaxilə edə bilməzdi.

Musavat.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Putin fikrini belə izah edib: “Axı Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı. O, əlbəttə ki, Qarabağı öz dövlət perimetrinə daxil etməmişdi”.

KTMT-nin iclasında Ermənistan nümayəndə heyətinin iştirak etməməsi barədə danışan Putin bildirib ki, təşkilatın hər bir üzvünün öz hərəkətlərini müstəqil müəyyənləşdirmək hüququ var. O xatırladıb ki, Ermənistan KTMT-dən çıxdığını elan etməyib, sadəcə, iştirakını “dondurub”.

Xatırladaq ki, Putin əvvəllər də 44 günlük müharibə zamanı Rusiyanln Ermənistan tərəfindən hərbi əməliyyatlara qatılmaması barədə bənzər ifadələr işlədib, günahı Ermənistanın “DQR”-i öz ərazisi elan etməməsində və ya onu dövlət kimi tanımamasında görüb.

Bu fikirdən belə çıxır ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını öz ərazisi elan etsə, o zaman Rusiya bunu fakt kimi qəbul edəcək və Ermənistan tərəfdən müharibəyə qatılacaqmış.

Comments are closed.

Tərcümə »