Kruiz gəmisində aclıq aksiyası – üç turist Antarktidaya görə etiraz edir

Üç turist “Sh Diana” kruiz gəmisində aclıq aksiyası keçirir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, ruslar bu səfər üçün bir milyon rubldan çox pul ödədiklərini, lakin vəd edilən Antarktidanı görmədiklərini iddia edirlər.

Volqoqraddan olan Natalya qeyd edib ki, o, bu səfər üçün səkkiz il pul yığıb. “Bu kruiz mənə 1,2 milyon rubla başa gəlib, buna bütün əmanətlərim sərf olunub”, – qadın bildirib.

“Swan Hellenic” kruiz şirkətinin rəhbərliyi turistlərə səfərin dəyərinin 50 faizini geri qaytaracağını və ya növbəti kruiz üçün 65 faiz endirim edəcəyini vəd edib. Eyni zamanda, bildirilir ki, Antarktidaya səfərlərin qiymətləri artıq iki-üç dəfə artıb, ona görə də kompensasiya olsa belə, yerli səyahətçilər yenidən böyük məbləğ toplamalı olacaqlar.

Mənbənin sözlərinə görə, Yekaterinburqdan olan iki sərnişin noyabrın 25-də etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Natalya bir neçə saatdan sonra onlara qoşulub. Ümumilikdə ruslar üç gündür aclıq aksiyası keçirirlər.

Volqoqrad sakini çox pis baş ağrısından şikayətlənib, lakin o, “qələbəyə qədər ac qalmağı” planlaşdırır. “Sərnişinlər iddia edirlər ki, gəmidə vəziyyət gərgindir. Layner özü bir mühərrikdə yavaş-yavaş hərəkət edir və stabilizasiya sistemi işləmir, gəmi ağır şəkildə yırğalanır”, – məlumatda deyilir.

Bu arada ekipaj turistləri əmin edib ki, təhlükəsizliyə heç bir təhdid yoxdur. Lakin sərnişinlər buna inanmırlar.

Daha əvvəl məlum olub ki, “Sh Diana” Antarktidaya gedərkən mühərrikində problem yaranıb və “Swan Hellenic” səfəri ləğv etməyə məcbur olub.

Comments are closed.

Tərcümə »