Şəkərli diabet endokrin sisteminin xəstəliyidir və el arasında şəkər xəstəliyi də adlanır. Mədəaltı vəzinin hormonu olan insulin qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır.
Bu hormonun çatışmazlığı olduqda və yaxud hüceyrələrimizin bu hormona həssaslığı azaldıqda qan şəkəri uzun müddət yüksək səviyyədə qalır və şəkərli diabet xəstəliyi yaranır.
Susuzluq və ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, normadan çox yemə, daimi aclıq hissi, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə şəkərli diabetin ən çox rast gəlinən əlamətlərindəndir. Bu əlamətlərdən biri və ya bir neçəsi hiss edildikdə həkim endokrinoloq və ya həkim terapevtin baxışı mütləqdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkimin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və vaxtaşırı nəzarət üçün laborator və funksional diaqnostik müayinələr, eləcə də ağırlaşamalar zamanı stasionar yatış daxildir. Şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.
Həmçinin xəstəxanada yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf, manipulyasiyalar, qidalanma icbari tibbi sığorta hesabına qarşılanır.
Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.
Qeyd edək ki, irsi meyillilik, autoimmun xəstəliklər-immun sistemi pozuntuları, infeksion xəstəliklər, düzgün qidalanmamaq, bəzi hormonal dərmanların uzunmüddətli istifadəsi, piylənmə, xroniki stres, xolesterin yüksəkliyi, hərəki fəallığın az olması, mədəaltı vəzi xəstəliyi, ateroskleroz kimi xəstəliklər şəkərli diabetin yaranma ehtimalını artırır.
Şəkərli diabetin növləri 1-ci və 2-ci tip diabetdir. Tip 1 diabet əsasən uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır, mədəaltı vəzi tərəfindən insulin ifrazının kifayət qədər olmaması səbəbilə yaranır. Bu tip diabet xəstələrinin insulin qəbulu mütləqdir. Tip 2 diabet isə əsasən 35 yaşdan yuxarı şəxslərdə yaranır. Artıq çəkili, az hərəkət edən və əsasən irsiyyətində şəkər xəstəliyi olan şəxslərdə rast gəlinir.
Qan şəkəri uzun müddət yüksək həddə qaldıqda, əsasən ürək-damar, sinir sistemi, gözlər və böyrəklərdə patologiyalar yarana bilir. Şəkərli diabet xəstələri ağırlaşmaların qarşısını almaq məqsədilə qanda şəkərin səviyyəsini mütəmadi nəzarətdə saxlamalıdırlar. Sağlam qidalanmaq, tərkibində şəkər və yağlar olan qidalardan, spirtli və şirin içkilərdən az istifadə etmək və fiziki aktiv həyat tərzi keçirmək tövsiyə olunur./Milli.Az/
Comments are closed.