Gürcüstanın növbəti prezidenti, yəqin ki, keçmiş futbolçu və “Xalqın gücü” partiyasının icraçı katibi Mixeil Kavelaşvili olacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun bu vəzifəyə namizədliyini “Gürcü arzusu” irəli sürüb. Partiyanın yaradıcısı Bidzina İvanişvilinin dediyi kimi, o, dürüstlük, ədalətlilik, vətənpərvərlik və düzgünlük kimi keyfiyyətləri ilə seçilir.
“Mixail gürcü kişisinin ən yaxşı nümunəsidir. O, gözəl ər və dörd uşaq atasıdır. Əminəm ki, Kavelaşvili müvəqqəti olaraq prezidentlik institutundan alınan ləyaqəti qaytaracaq”, – İvanişvili bildirib. Bununla paralel olaraq, Gürcüstanın “boz kardinal”ı hazırkı dövlət başçısı Salome Zurabişvilini ölkəyə xəyanətdə və “xarici güc”ü təmsil etməkdə ittiham edib.
“Mən Gürcüstan prezidentinin mövqeyinin böyük məsuliyyətini yaxşı dərk edirəm, xüsusən də indiki prezident bizim əsas sənədimizi – Gürcüstan konstitusiyasını təhqir edib və ona etinasız yanaşıb və bu gün də onu pozmaqda davam edir”, – Kavelaşvili bildirib.
Keçmiş futbolçunun siyasi karyerası 2016-cı ildə başlayıb. “Gürcü arzusu” siyahısına görə, o, üç dəfə parlamentə seçilib. Eyni zamanda, onun qanunvericilik orqanının saytındakı “təhsil” rubrikası boşdur. 2022-ci ildə parlament “İnformasiya azadlığının inkişafı institutu” qeyri-hökumət təşkilatına “deputat Mixail Kavelaşvilinin təhsilini təsdiq edən sənədin təqdim edilmədiyi və buna görə də aparatda saxlanmadığı” barədə xəbərdarlıq edib. Bundan başqa, 2015-ci ildə Kavelaşvili diplomu olmadığı üçün Gürcüstan Futbol Federasiyasının prezidenti ola bilməyib.
Maraqlıdır ki, bir gün əvvəl yerli KİV-də hakimiyyətdə olan partiyanın prezident postuna sabiq baş nazir İrakli Qaribaşvilinin və ya respublikanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantinin namizədliyini irəli sürə biləcəyini irəli sürmüşdülər. Lakin “Gürcü arzusu”nun parlament fraksiyasının lideri Mamuka Mdinaradzenin qeyd etdiyi kimi, seçim vətənpərvərliyinə heç bir şübhə olmayan şəxsin xeyrinə edilib. Göründüyü kimi, Zurabişvilinin 2020-ci ildə seçilməsi ilə bağlı təcrübə İvanişvili üçün çox ağrılı olub, ona görə də bu dəfə təhlükəsiz oynamağa qərar verib.
Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, onun andiçmə mərasimi isə dekabrın 29-da baş tutacaq. Respublika tarixində ilk dəfədir ki, prezident ümumxalq səsverməsi ilə seilməyəcək. Altıncı prezidenti 300 seçici, o cümlədən 150 parlament üzvü, Acarıstan Ali Şurasının 21, Abxaziya Muxtar Respublikası Ali Şurasının 20 və yerli hakimiyyət orqanlarının 109 üzvü seçəcək. Səsvermənin özü Mərkəzi Seçki Komissiyasının rəhbərliyi altında Gürcüstan parlamentində keçiriləcək.
Comments are closed.