Fransa liderinin bundan sonra iqlim problemləri ilə bağlı pafoslu çıxışlar etməyə heç bir haqqı yoxdur
Fransanın COP29-a münasibəti təəccüb və təəssüf hissi doğurur. Ona görə ki, Fransa indiyə qədər var gücüylə özünü iqlim sahəsində lider dövlətlərdən biri kimi təqdim etməyə çalışırdı. Bu kontekstdə Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıya, COP29-a gəlməmək barədə verdiyi qərar həqiqətən də təəccüb doğurur. Əlbəttə, Anyes Pannye-Runaşe bu qərarı özü müstəqil şəkildə verməyib. Bu cür qeyri-konstruktiv qərarı Fransa prezidenti Emmanuel Makronun verdiyinə şübhə etmirik.
Makronun ermənipərəst siyasətinin girovuna çevrilmiş Fransanın COP29 kimi mötəbər iqlim sammitindən kənarda qalması bu ölkənin öz imicinə zərbədir. Anyes Pannye-Runaşenin COP29-a gəlməməsi ilə Fransa özünü qlobal iqlim siyasətinin liderliyindən məhrum etdi. Fransa liderinin bundan sonra iqlim problemləri ilə bağlı pafoslu çıxışlar etməyə heç bir haqqı yoxdur. Dünyanın böyük iqlim fəlakətləri ilə üzləşməsinin əsas günahkarlarından biri olan Fransanın Bakıda keçirilən qlobal iqlim sammitinə qatılmaması bu ölkənin iqlim problemlərinin həllinə münasibətdə qeyri-səmimiliyini göstərir.
Əslində, Emmanuel Makron və onun energetika naziri Fransanın yürütməyə davam etdiyi neokolonialist siyasətinin Afrika ölkələrində, Əlcəzairdə və Vyetnamda, “dənizaşırı ərazilər” adlandırdıqları adalarda doğurduğu iqlim fəsadlarının qarşısının alınmamasına aydınlıq gətirməli, bu ölkələr qarşısında Fransanın üzərinə düşən öhdəlikləri niyə yerinə yetirmədiyi sualını cavablandırmalıydı. Bu baxımdan, fransalı nazirin COP29-da iştirakı məntiqli olardı. Anyes Pannye-Runaşe gəlib bu sammitdə Fransanın müstəmləkəçi davranışlarından əziyyət çəkən “dənizaşırı ərazilər”in nümayəndələrinin çıxışlarını dinləməli, onların haqlı tənqidlərinə münasibət bildirməli və ölkəsinin törətdiyi cinayətlərə görə üzr istəməliydi.
Ancaq Fransa prezidenti və energetika naziri bu məsuliyyətdən yayındılar. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin Sammitində Fransa və Niderlandın müstəmləkəçilik siyasəti barədə səsləndirdiyi sərt tənqidi fikirlərin bir daha haqlı olduğunu göstərdi. Ümid edək ki, Fransa rəhbərliyi bu tənqidlərdən düzgün nəticə çıxaracaq və cinayətkar siyasətini davam etdirməkdən əl çəkəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.