Dövlətimizin başçısı COP29 kürsüsündən Fransanın neokolonializm siyasətini növbəti dəfə sərt şəkildə qınadı
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dünya üçün əhəmiyyətli cəhətlərindən biri də məhz qlobal iqlim dəyişmələrinin ağır fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ada dövlətlərinin problemlərinin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi və onlara praktik kömək göstərilməsidir. Ötən gün COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də elə bu məqsədə xidmət edirdi. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb və həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması da COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Dövlətimizin başçısı COP29 kimi mötəbər bir tədbirin yüksək kürsüsündən bəyan etdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkəçilik keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Ancaq gəlin görək özlərini dünya gücü, super dövlət hesab edən həmin ölkələr bu gün kiçik ada dövlətlərinə, inkişaf etməkdə olan ölkələrə lazımi səviyyədə dəstək verirmi? Təəssüf ki, biz bu dəstəyi görmürük.
Qlobal iqlim dəyişmələrinin baş verməsində və hava çirklənməsində əsas günahkar olan böyük dövlətlərdən fərqli olaraq Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Bunu Cənab Prezident də Sammitdəki çıxışında vurğuladı: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Ada dövlətlərinə kömək məsələsində böyük dövlətlər Azərbaycandan nümunə götürməlidirlər. Sözsüz ki, iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Ada dövlətlərinin gələcək varlığı bütövlükdə təhlükə altındadır. Ancaq bu, vaxtilə həmin əraziləri öz müstəmləkələri kimi istismar etmiş və bu gün də neokolonializm siyasətini davam etdirən bəzi Qərb ölkələrini (xüsusən də Fransa və Niderlandı) əsla narahat etmir. Bu gün Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası “dənizaşırı ərazilər”i iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Əlbəttə, həmin ərazilərdə yaşayan yerli icmalar bütün bunlara öz etirazlarını bildirirlər. Ancaq rəsmi Paris, rəsmi Amsterdam isə o icmaların etiraz səsini eşitmək əvəzinə, onların haqq səsini susdurmağa üstünlük verir. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Dövlətimizin başçısı COP29 kürsüsündən Fransanın neokolonializm siyasətini növbəti dəfə sərt şəkildə qınadı və keçmiş Fransa, Niderland müstəmləkələrinin xalqlarının bu gün də sözügedən ölkələrin müstəmləkəçilik siyasətini davam etdirməsindən əziyyət çəkdiklərini dünya birliyinin diqqətinə çatdırdı: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.
Azərbaycan Prezidenti həmçinin Fransanın apardığı nüvə sınaqlarının da qlobal iqlim dəyişmələrinin baş verməsində ağır mənfi rol oynadığını və bunun ada dövlətlərində ətraf mühitin pozulmasına səbəb olduğunu Sammit iştirakçılarının nəzərinə çatdırdı. Belə ki, qeyd olundu ki, “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa bu bölgədə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.
İlham Əliyevin çıxışında Fransanın ada dövlətlərinə qarşı qeyri-humanist siyasəti də ciddi tənqid hədəfinə çevrildi. Belə ki, Cənab Prezident bildirdi ki, Fransanın dırnaqarası “dəniz əraziləri”ndə törətdiyi cinayətlər siyahısı, rejimin bu yaxınlarda yol verdiyi insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Azərbaycan lideri həmçinin Makronu Fransadakı bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırdı: “Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır”.
Prezident ifşaedici açıqlamalarında Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelə də yer ayırdı və bildirdi ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumlar bizim işlərimizə qarışmamalıdırlar: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.
Dövlətimizin başçısı neokolonialist dövlətlərin və Avropa Parlamenti, AŞPA kimi qurumların ədalətsiz siyasəti davam etdirmələrinə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri olduğu dönəmdə kiçik ada dövlətlərinə dəstək verdiyi kimi, COP29-un sədri kimi də onları dəstəkləyəcəyini və gələcəkdə də dostlarımızı dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Çünki Azərbaycan ada dövlətlərinə kömək etməyi özü üçün mənəvi borc hesab edir. Bu istiqamətdə həmrəylik göstərmək əslində bütün dünya birliyinin mənəvi borcudur. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı birgə mübarizə aparmaq üçün indi hamının həmrəyliyinə ehtiyac var.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.