Prezidentin təbrik məktubundan da görünür ki, qarşıdakı dörd ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün geniş imkanlar var
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın öz rəqibinə böyük üstünlüklə qalib gələrək prezident seçilməsinə düşmənlərimizin reaksiyaları çox mətləblərdən xəbər verir. Ənənəvi mediadan və sosial şəbəkələrdəki reaksiyalardan da görürük ki, Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsi Ermənistanda, İranda, Fransada və bir sıra başqa ölkələrdə ciddi məyusluq hissilə qarşılanıb. Bu da təbiidir. Çünki Tramp administrasiyasının yürüdəcəyi xarici siyasət onlarda dərin narahatlıq doğurur.
Ermənilər Trampın belə triumfal qələbəsini gözləmirdilər. ABŞ-dakı erməni diasporu Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harrisin seçilməsində maraqlı idi. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası da məhz buna ümid bəsləyirdi. Ermənilər hesab edirdilər ki, Demokratlar Partiyasının namizədinin hakimiyyətə gəlişi 44 günlük İkinci Qarabağ müharibəsindən sonra başlatdıqları fəal anti-Azərbaycan kampaniyasının davam etdirilməsində onlara əlavə stimul verəcək.
Sosial şəbəkələrin erməni seqmentində Trampın seçilməsinə münasibət bildirən ermənilər də rəylərində etiraf edirlər ki, Donlad Tarmpın hakimiyyətə gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoyub. Politoloq Stepan Danielyan isə biraz da irəli gedərək deyib ki, Ermənistan hakimiyyəti zamanında Trampı dəstəkləməməklə səhv edib. “Gürcüstan və Azərbaycan hakimiyyəti Trampa, Ermənistan hakimiyyəti isə demokratlara ümid bağladı”, – deyə Danielyan məyusluqda bildirib. Beləliklə, əksər ermənilər hesab edir ki, bu seçkilərin nəticələri Nikol Paşinyanın xarici siyasətinin iflasını da tam şəkildə ortaya qoydu.
ABŞ-da prezident seçkilərinin nəticələrinin elan edilməsi və Donald Trampın ölkənin 47-ci Prezidenti seçilməsi həmçinin rəsmi Tehranın da təşvişinə səbəb olub. Bunu İran mediasının proqnoz xarakterli yazılarından və SEPAH rəsmilərinin bəyanatlarından da görmək olur. SEPAH-ın baş komandirinin müavini Əli Fədəvi Donald Trampın seçilməsindən sonra ABŞ və İsrailin İrana qarşı birgə önləyici hücum edəcəyi ehtimalı barədə danışıb. Xatırladaq ki, Donald Tramp birinci prezidentlik dönəmində də İrana qarşı sərt mövqeyi ilə fərqlənmişdi. Bayden administrasiyasından fərqli olaraq Trampın İranın nazıyla oynamaq fikri yoxdur. ABŞ-ın yeni prezidenti həm İranın nüvə tədqiqatlarının məhdudlaşdırılması, həm də Yaxın Şərqdəki İrana bağlı proksi qüvvələrin, terrorçu qruplaşmaların sıradan çıxarılması üçün əlindən gələni edəcək.
Fransanın da Trampın qələbəsinə reaksiyası kifayət qədər böyük maraq doğurur. Baxmayaraq ki, Fransa prezidenti Emmanuel Makron seçkilərdə qalib gəlməsi münasibətilə Trampı ilk təbrik edən dünya liderlərindən biri olsa da, lakin onun da narahatlığı anlaşılandır. Çünki Trampın birinci prezidentlik dönəmində Avropa İttifaqına, NATO Alyansına neqativ münasibəti və eləcə də hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə fərqli yanaşması Avropanın aparıcı liderlərindən biri kimi Makronu düşündürməyə bilməz. Məhz bu səbəblərə görə də Makron Trampın prezident seçilməsini eşidər-eşitməz dərhal Almaniya kansleri Olaf Şoltsa zəng vurub və onunla qarşıdakı dörd ildə Avropa İttifaqının üzləşə biləcəyi təhdid və çağırışları, yeni reallıqları müzakirə edib. Başqa sözlə desək, indi Avropa İttifaqı öz başına çarə qılmalıdır. Avropa İttifaqını və NATO-nu həqiqətən də ciddi sınaqlar gözləyir.
Trampın böyük siyasətə qayıdışı dünyanın geosiyasi mənzərəsinin dəyişməsinə və yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verəcək. Demokratların dönəmində qan çanağına döndərilən dünya Trampın dövründə az da olsa rahat nəfəs ala biləcək. Bu mənada ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın ötən gün qələbədən sonra Floridada tərəfdarları qarşısında çıxış edərkən ABŞ-ın siyasi kursunu 180 dərəcə döndərəcəyini elan etməsi heç də təsadüfi deyil. Birinci prezidentlik müddətində dünyada qlobal müharibələrin baş vermədiyini bildirən Tramp, ikinci vəzifə müddəti ərzində də müharibə olmayacağına zəmanət verib. O, müharibələri dayandıracağını bildirib. Söhbət şübhəsiz ki, ilk növbədə Rusiya-Ukrayna müharibəsindən və İsrailin Qəzza və Livandakı əməliyyatlarından gedir. Əlbəttə, bu müharibələri birdən-birə dayandırmaq mümkün deyil. Lakin bütün hallarda Bayden və Harrisdən fərqli olaraq Trampın müharibələrə mənfi münasibət bəsləməsi dünyada müharibələrin nisbətən səngiyəcəyinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin ediləcəyinə kövrək ümidlər yaradır.
Respublikaçıların namizədinin seçkilərdə qalib gəlməsi qlobal anlamda Cənubi Qafqaz regionundakı proseslərin müsbət məcraya yönəlməsində və Fransa ilə Avropa İttifaqının ABŞ-a güvənərək Ermənistanı revanşizmə təhrik edən siyasət yürütmələrinin dayandırılmasında da önəmli rol oynaya bilər. Ayrıca olaraq Baydenin ermənipərəst siyasətə üstünlük verməsi nəticəsində kifayət qədər pisləşən Azərbaycan-ABŞ əlaqələrinin müsbət məcraya dönüşü üçün yeni imkanlar yarana bilər. Biz Trampın birinci prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətlərinin normal olduğunu yaxşı xatırlayırıq. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampın ABŞ-ın ikinci dəfə prezident seçilməsi ilə bağlı ona ünvanladığı təbrik məktubunda məhz bu məqama toxunub: “Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”. Prezidentin təbrik məktubundan da görünür ki, qarşıdakı dörd ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün geniş imkanlar var.
Həmçinin qardaş Türkiyədə də Trampın ikinci prezidentlik dönəmində ABŞ-Türkiyə münasibətlərində də müsbət tendensiyaların müşahidə olunacağına böyük inam hissi var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün D.Trampa ünvanladığı təbrik məktubunda Türkiyə-ABŞ münasibətlərində yeni dövrün başlayacağına əminliyini ifadə etməsi və ona “dostum” deyə xitab etməsi gerçəkdən də müsbət başlanğıclar üçün yol açır. Ümid edək ki, Trampın yeni prezidentlik dövründə Azərbaycan və Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlər səmimi dostluq və müttəfiqlik müstəvisində inkişaf edəcək, konstruktiv əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasında Azərbaycan-ABŞ əməkdaşlığı mühüm rol oynaya bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri