Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.
Musavat.com-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.
Layihədə vakant hakim vəzifələrinin qisa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması nəzərdə tutulur.
Bununla əlaqədar “Məhkəmə- Hüquq Şurası haqqında” Qanuna Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyətini tənzimləyən yeni maddə əlavə edilir. 9 hakimdən ibarət olacaq Hakimlərin Qiymətləndirilməsi Komitəsi qiymətləndirmənin nəticəsinə dair yekun rəy tərtib etməklə, Məhkəmə-Hüquq Şurasına təqdim edəcəkdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda müəyyən olunan nəticələrin qanunda təsbit olunması təklif olunur. Bundan başqa, qiymətləndirmənin yekununda müəyyən olunan hər bir nəticəyə uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən qərarlar qanunda dəqiq təsbit olunur.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə Hakimlərin Seçki Komitəsi və hakimlərin qiymətləndirilməsi ilə bağlı bir sıra digər normalar dəqiqləşdirilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.