Böyük Zəfərimizin 4-cü ili

0

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, didərgin düşən soydaşlarımızın öz yurd-yuvalarına qaytarılmasıdır. Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 8-də Şuşanın azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə razı oldu.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş şanlı orduya çevrilmişdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Azad edilmiş ərazilərə səfərləri zamanı Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri qısa müddətdə bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Azərbaycanın tarixində yeni səhifə, Azərbaycanın quruculuq missiyası başlanır.

Bu gün xalqımız Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır: hazırda Qarabağda, Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Azərbaycan bütün bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Ölkəmiz bu sahədə də təcrübəsini nümayiş etdirir. Müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, həm ölkəmizin malik olduğu imkanların, həm də öz tarixi torpaqlarına sahib olan xalqımızın qurucu xalq olduğunun göstəricisidir. Görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Hədəflərə çatmaq üçün bütün imkanlar mövcuddur – siyasi iradə, iqtisadi güc, xalqımızın səfərbərliyi, milli həmrəylik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir ki, qalib ölkənin vətəndaşıdır. Bizə bu xoşbəxtliyi, qüruru yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Dövlət başçısı İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna tarixi səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında səsləndirdiyi “Bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirləri dünənimizə baxış fonunda bugünümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir.

Tarixi Zəfərimizin 4 ili tamam olur. Ötən müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə start verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir.

Gülağa Tənha

Xeyriyyəçi iş adamı, şair-publisist

Leave A Reply

Your email address will not be published.

Tərcümə »