COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı

0

COP29 konfransına hazırlıq proseslərinin tamamlanması ərəfəsində konfrans iştirakçıları üçün məlumat dəstəyinin təmin edilməsi məqsədilə COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, COP tədbirləri tarixində ilk dəfə məhz COP29 konfransı üçün yaradılmış Çağrı Mərkəzinin məqsədi tədbirin təşkilati və texniki aspektləri, eləcə də COP29-da iştirakla bağlı müxtəlif istiqamətlərdə məlumat sorğularının operativ idarə edilməsi və əlçatan və əhatəli məlumatların çatdırılması ilə maneəsiz və rahat COP29 ziyarətçi təcrübəsinin təmin edilməsidir.

Noyabrın 1-dən fəaliyyətə başlayan Çağrı Mərkəzi akkreditasiya və Yaşıl Zona biletləri, nəqliyyat, qonaqlama xidmətləri, sağlamlıq, təhlükəsizlik, logistika kimi bir sıra mövzularda müxtəlif sorğuların cavablandırılması ilə yanaşı, tədbir və əlaqəli məkanlarda əlçatanlıq xidmətləri haqqında məlumatlandırmaqla dəstək göstərəcək.

Çağrı Mərkəzi ənənəvi zəng xidməti ilə yanaşı, müxtəlif rəqəmsal platformalar vasitəsilə də əlaqə yaratmaq imkanını təklif edir. Belə ki, COP29 konfransı ilə əlaqədar hər hansı sualı olan şəxslər COP29-un rəsmi internet səhifəsi üzərindən canlı çat, WhatsApp və Telegram üzərindən birbaşa əlaqə və ya yerli zənglər üçün ödənişsiz olan *1029 qısa nömrəsinə zəng edərək məlumat ala bilərlər. Bundan əlavə, ilkin mərhələdə Çağrı Mərkəzi həmçinin İnteraktiv Səsli Cavab Sistemi (İVR) və Chatbot kimi özünəxidmət vasitələri ilə də məlumatlandırma xidmətlərini göstərəcək.

Çağrı Mərkəzinin iş qrafiki:

  • 1 noyabr – 03 noyabr: 08:00-dan 20:00-dək
  • 04 noyabr – 23 noyabr: 24/7 fasiləsiz xidmət
  • 24 noyabr – 30 noyabr: 08:00-dan 20:00-dək

Leave A Reply

Your email address will not be published.

Tərcümə »