Sülhə, sabitliyə və inkişafa səs vermək məsələsində azərbaycanlılar gürcülərlə həmrəydir

0

Oktyabrın 26-da keçirilən və hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə bitən parlament seçkilərinin nəticələrini Gürcüstan prezidenti Salome Zurabişvili başda olmaqla birləşmiş müxalifətin tanımaması ilk növbədə onların Qərbin maraqlarına xidmət etməsindən irəli gəlir. Fransanın və ABŞ-ın Cənubi Qafqazda “təsir agentləri”ndən biri olan S.Zurabişvilinin, müasir gürcü demokratiyasının lideri olan sabiq prezident Mixail Saakaşvilinin siyasi məhbus həyatına məhkum edilməsində xüsusi rolu olduğu halda, onun bu gün Gürcüstanda seçki pozuntularından danışması və demokratiyaya qarşı təhlükənin yarandığını iddia etməsi absurddur və riyakarlıqdır. Prezident Zurabişvilinin rəhbərliyi altında süni surətdə kütləvi etiraz dalğasının yaradılmasına start verilməsi də Qərbin sifarişidir. Ötən gün Tiflisdə gürcü müxalifətinin təşkil etdiyi etiraz aksiyası gürcü xalqının maraqlarına yox, Qərbin seçkilərdən sonra Gürcüstanda hakimiyyət dəyişikliyi üçün “rəngli inqilab”, siyasi çevriliş etmək planlarına xidmət edir.

Lakin Qərbin sözügedən məxfi planlarının uğur qazanma ehtimalı o qədər də yüksək deyil. Çünki hazırda birləşmiş müxalifət gürcü xalqını “rəngli inqilab”a yönəltmək potensialına sahib deyil. Eləcə də Salome Zurabişvili də ümumxalq sevgisini qazana bilməyib. Zurabişvilinin Gürcüstanın yox, Qərbin maraqlarına xidmət etdiyini hər kəs bilir. Ona görə də gürcülərin böyük əksəriyyəti məhz sülhü və sabitliyi önəmsəyərək “Gürcü Arzusu”na səs verdi. Elə Gürcüstanda yaşayan soydaşlarımızın da bir çoxu “Gürcü Arzusu”nu dəstəklədi. Marneuli, Bolnisi, Dmanisi və digər bögələrdə kompakt şəkildə yaşayan azərbaycanlıların əksəriyyəti məhz “Gürcü Arzusu” Partiyasının nümayəndələrinə səs veribər. Bu da onu göstərir ki, sülhə, sabitliyə və inkişafa səs vermək məsələsində azərbaycanlılar gürcülərlə həmrəydirlər.

Gürcüstanda yaşayan ermənilərin isə Qərb və Ermənistan kəşfiyyatı vasitəsilə Tbilisidə keçirilən etiraz aksiyalarında silahlı iğtişaşların törədilməsi və Gürcüstanda xaosun yaradılması planlarına cəlb edilməsi barədə məlumatların yayılması isə bir daha bədnam qonşularımızın xain xislətini nümayiş etdirir. Ermənilərdən Azərbaycana və Gürcüstana qarşı alət kimi istifadə edən Qərb Cənubi Qafqazda nəzarəti ələ keçirmək, bölgədə geosiyasi varlığını təmin etmək istəyir. Ermənilər hər zaman bölgədə xarici güclərin maşası rolunda çıxış ediblər. Lakin əminik ki, gürcü xalqı Qərbin ermənilər və birləşmiş müxalifət üzərindən həyata keçirmək istədiyi məkrli planları pozmağı bacaracaq və öz taleyini özü müəyyən edəcək. Qərbin Gürcüstanda sabitliyi pozmaq cəhdləri iflasa uğrayacaq. ABŞ-a bağlı QHT-lərin və USAID-in Gürcüstanı Qərbin “forpost”una çevirmək cəhdləri nəticəsiz qalacaq.

Beləliklə, biz növbəti dövrdə də qonşu Gürcüstanda sabitlik və təhlükəsizliyin şahidi olacağıq. Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mövqeyindən çıxış etməsi Ermənistana da öz müsbət təsirini göstərəcək. Hazırda Qərbin diktəsi ilə hərəkət edən Ermənistan Azərbaycan-Gürcüstan ortaqlığının təsiri nəticəsində reallıqla barışmalı olacaq və istər-istəməz konstruktiv siyasət yürütmək yolunu seçəcək. Əks halda, gündən-günə möhkəmlənən Azərbaycan-Gürcüstan münasibətləri fonunda Ermənistan bölgədə tamamilə təcrid vəziyyətinə düşə bilər. Ermənistan rəhbərliyi bu reallığı düzgün dəyərləndirməli və Azərbaycanla sülh sazişini imzalamaq üçün hərəkətə keçməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »