Şimali Koreya Rusiyaya 10 minə yaxın hərbçi göndərib və onlar yaxın həftələrdə Ukrayna yaxınlığındakı rus qoşunlarına qoşula bilərlər.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq bildirib.
“Bu əsgərlərdən bəziləri artıq Ukraynaya yaxınlaşıb və biz Rusiyanın bu əsgərlərdən Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığındakı Kursk bölgəsində ukraynalı əsgərlərə qarşı döyüş və ya köməkçi döyüş əməliyyatlarında istifadə edə biləcəyindən getdikcə daha çox narahat oluruq”.
NATO-nun baş katibi Mark Rutte bazar ertəsi səhər saatlarında bildirib ki, o, Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində olmasını rəsmən təsdiqləyə bilər.
ABŞ prezidenti Co Bayden Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı Pentaqon və NATO-nun təsdiq etdiyi xəbərlərə reaksiya verib. O, bunun çox təhlükəli olduğunu bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial mediada Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi barədə “müharibənin ciddi şəkildə eskalasiyası və qlobal sülhə təhdiddir” yazıb. Onun sözlərinə görə, “Avropa və Şərqi Asiyanın təhlükəsizliyi bir-birinə bağlıdır”.
Avropa Komissiyasının rəhbəri Koreya Respublikasının Prezidentinə bildirib ki, Avropa İttifaqı baş verənlərə həmfikir tərəfdaşlarla birlikdə cavab verəcək.