Əksər mağazalarda və özəl klinikalarda xidmətlə bağlı ödəniş edilən zamanı POS-terminal qəbzindən əlavə olaraq, kassa qəbzi də təqdim olunmalıdır. Lakin bir çox obyektlərdə bu qaydaya əməl olunmur. Kassada xidmət göstərən şəxslər və ya sahibkarlar belə qəbzləri vətəndaşa təqdim etməkdən yayınmağa çalışırlar.
Bəs görəsən, belə hallarda həmin mağaza yaxud klinikanı hansısa inzibati cəza gözləyirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas-vəkil Turan Abdullazadə bildirib ki, nəzarət-kassa aparatları vergi nəzarəti formasıdır:
“Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Bu nəzarətə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi də daxildir”.
Hüquqşünas qaydaların pozulması zamanı tətbiq olunan cərimələrdən də bəhs edib:
“POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə, və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.