Nurəddin Məmmədli yaxşı dərk edirdi ki, AXCP-də onu ömürlük müxalifətçilikdən başqa heç bir perspektiv gözləmir

0

Ötən həftə cəmiyyətimizin əksər fərdləri üçün adi qaydada, ənənəvi həyat axarında, növbəti təqvim hadisəsi kimi başa çatsa da, lakin AXCP sədri Əli Kərimlinin yaddaşında isə yəqin ki, əsl matəm kimi qalacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədlinin yaşı və səhhəti ilə əlaqədar tutduğu vəzifədən və partiyadan istefa verməsi AXCP sədri üçün sözün əsl mənasında siyasi zəlzələ sayıla bilər. Çünki son illərdə məlum səbəblərdən ard-arda ən yaxın silahdaşlarını itirən Əli Kərimli üçün Nurəddin Məmmədlinin partiyadakı fiziki varlığını davam etdirməsi bəlkə də yeganə təsəlli mənbəyi idi.

Nurəddin Məmmədli bütün çətinliklərə və Əli Kərimlinin siyasi tiranlığına, qeyri-demokratik idarəçiliyinə rəğmən uzun illərdi ki, necə deyərlər, sadiq AXCP-çi kimi yol gəlir, partiya funksionerliyini davam etdirir, fədakar mövqe sərgiləyirdi. Lakin fədakarlığın da bir həddi olur. Nurəddin bəyin fədakarlığı da təbii-bioloji amillərlə (yaşı və səhhət) əlaqəli olaraq AXCP və Əli Kərimli üçün ən həssas, kritik məqamda sınırlandı, başa çatdı. Və onun fədakarlığı da bundan əvvəlki əksər AXCP funksionerlərinin fədakarlığı kimi qarşılıqsız, nəticəsiz oldu. Bu adamlar AXCP ilə heç bir ciddi nəticə əldə etməyin, siyasi uğur qazanmağın mümkün olmadığını dərk edərək ya bioloji ömürlərini başa vurdular, yadaki partiya ilə yollarını ayırmaq məcburiyyətində qaldılar.

Nurəddin bəy də AXCP-nin böyük siyasi uğurlarını gözləyə-gözləyə müxalifətdə qocaldı. O, siyasətə elm dünyasından gəlmişdi. AXCP-yə xərclədiyi illərini elmi fəaliyyətinin davam etdirilməsinə həsr etsəydi, bəlkə də o, müasir Azərbaycan elminin nəhəng simalarından birinə çevrilə bilərdi. Lakin Nurəddin Məmmədlinin həyat və fəaliyyətinin pik nöqtəsi isə uzun illər ərzində AXCP Ali Məclisinin sədri postunu tutmaqdan ibarət oldu. O, AXCP sıralarında bundan artığına heç ümid də bəsləyə bilməzdi. Çünki AXCP siyasi uğurlara indekslənmiş, hədəflənmiş partiya deyil. İndiyə qədər AXCP-ni tərk etmiş hər bir siyasi fəal kimi Nurəddin Məmmədli də yaxşı dərk edirdi ki, bu partiyada onu Əli Kərimlinin pafos dolu “gurultulu” çıxışlarına əl çalmaqdan və ömürlük müxalifətçilikdən başqa heç bir perspektiv gözləmir. Ona görə də 79 yaşlı siyasətçi AXCP-dən getməyə qərar verdi.

Maraqlıdır ki, Nurəddin Məmmədli tanınmış müxalifətçilərin partiya sıralarından istefasına heç də yaxşı hal kimi baxmırdı. O, hələ 2010-cu ildə Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin Müsavat Partiyasından istefası ilə bağlı münasibət bildirərkən qeyd etmişdi ki, Müsavat partiyasında istefaların olması yaxşı hal deyil: “Mənim üçün gözlənilməz oldu. Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin istefası Müsavat Partiyası üçün də itkidir. Çünki uzun illər Müsavatda fəaliyyət göstəriblər, rəhbərlikdə təmsil olunublar”. Ancaq aradan 14 il keçəndən sonra N.Məmmədlinin özü də eyni gözlənilməzliklə, eyni aqibətlə üzləşdi.

Əslində, eyni aqibət bu gün bütün AXCP-çiləri gözləyir. Çünki davamlı olaraq seçkilərdə iştirak etməkdən boyun qaçıran, siyasi dialoqdan yayınan, özünü “əsl müxalifət”, “ana müxalifət”, “real müxalifət” epitetləri ilə “mükafat”landıraraq, ölkənin siyasi mühitindən tamamilə təcrid vəziyyətinə salan bir partiyanın istər sıravi üzvlərini, istərsə də funksionerlərini, rəhbər şəxslərini qətiyyən uğurlu aqibət gözləyə bilməz.

Seçkilərə qatılmayan siyasi partiya uğura yox, uğursuzluğa məhkumdur. “Boykot” taktikasından başqa heç bir siyasi taktika və texnologiyaları tanımayan AXCP ötən illər ərzində öz üzvlərini siyasi Olimpin zirvəsinə (hakimiyyətə) aparmaqla yox, yalnız siyasi çöküşə, iflasa doğru aparmaqla məşğul olub. Özlərini xəyalən deputat, icra başçısı, nazir müavini, nazir postunda görən AXCP funksionerləri günün birində bu arzularının AXCP-nin sayəsində heç vaxt reallaşmayacağını dərk edərək, necə deyərlər, “gəmi”ni vaxtında tərk ediblər.

Lakin bu da son deyil. AXCP gələcək istefalar “dalğa”sından sığortalanmayıb. Bir müddət əvvəl AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin, ötən gün isə Nurəddin Məmmədlinin istefa verməsinin davamı olacaq. Bu partiyanın nəinki veteranları, hətta gənc üzvləri də partiyanı tərk edəcəklər. “AXCP sıralarında növbəti “yarpaq tökümü”nün gerçəkləşməsi qaçılmazdır. Çünki ağlı başında olan hər kəs görür ki, Əli Kərimlinin xəstə ambisiyaları üzündən AXCP getdikcə içəridən çürüyür, onun partiya daxilində alternativ fikirlərə qarşı nümayiş etdirdiyi dözümsüzlük səbəbindən AXCP sürətlə siyasi partiyadan siyasi dərnəyə çevrilir. Daha doğrusu, Əli Kərimli AXCP-ni artıq çoxdan “bir aktyordan ibarət olan teatr”a çevririb. Ona görə də bu həqiqəti anlayanlar AXCP ilə yollarını ayırırlar.

20 ildən çoxdur rəhbərlik etdiyi siyasi partiyaya heç bir uğur qazandıra bilməyən Ə.Kərimlini bu gün onun sıravi cığırdaşlarının və ya partiya funksionerlərinin taleyi əsla maraqlandırmır. Əli Kərimli indi yalnız özünün fərdi “uğur”larına fokuslanıb. O, indi bütün diqqətini və enerjisini özünün virtual fəaliyyətinə yönəldib. Daha doğrusu, Ə.Kərimli AXCP kimi qocaman siyasi təşkilatı artıq real siyasi partiyadan virtual partiyaya transformasiya edib. Belə ki, hazırda Ə.Kərimlinin sədrliyi və siyasi fəaliyyəti yalnız sosial mediada, Yutub kanallarında tragikomediya üslubunda pafoslu və isterik çıxışlar etməkdən ibarətdir.

Öz silahdaşlarının partiya sıralarını tərk etməsini qətiyyən vecinə almayan Əli Kərimli Yutub platforması üzərindən kütlələri manipulyasiya etməyə, özünə yeni ardıcıllar toplamağa çalışır. Bu adam adidən də adi bir həqiqəti anlamır ki, Azərbaycanın müasir siyasi tarixində ən çoxsaylı istefalara məruz qlmış bir partiyanın lideri geniş kütlələri inandıra, ictimai rəyi ələ ala bilməz. Sən öz yanındakıların dərin inamını qazana və onları öz yanında saxlaya bilmirsənsə, xalqın inamını necə qazana bilərsən? Bu ki qeyri-mümkündür.

Rəhbərlik etdiyi partiya daxilində amal birliyini qoruyub saxlaya bilməyən, monolitliyi və fikir birliyini təmin edə bilməyən bir şəxsin indi bütün ümidlərini sosial şəbəkələr üzərindən ucuz populizm və demaqogiyaya bağlaması bir partiya sədri üçün həqiqətən də əsl tragikomediyadır. “Bir aktyordan ibarət olan teatr”ın oynadığı sonuncu tragikomediya. Nurəddin Məmmədlinin istefa verməsi isə tragikomediyanın kulminasiyasıdır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »