“Elə qaydalar deyirlər ki, eşitməmişik” – Qurban Qurbanov

0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı”ını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

O, oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq. “Şamaxı” çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə bir, ya iki qol epizodumuz oldu. İkinci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.

– “Zirə” “Azərsun Arena”da məskunlaşdığı üçün oyununuz Tofiq Bəhramovda keçirdiniz, yoxsa başqa səbəb var?

– Xeyr. Bir az meydançada təmir işləri gedir. Ot örtüyü ilə bağlıdır. İki meydançamız var orada, məşq və oyun. Bu ay ola bilər ki, həmin meydançalarımız təmir edilsin və oyunlarımızı burada keçirək.

– Juninyoya istirahət vermişdiniz?

– Son oyunda əzələsində bir az ağrı hiss olundu. Həkimlər çox da risk etməyin tərəfdarı olmadı. Ona görə heç heyətə daxil etməmişdik.

– “Şamaxı”nın qapısına təyin edilən penalti qərarı barədə fikriniz necədir? Digər məşqçilər hakimlikdən çox şikayətçidir. Onların performansında eniş var?

– Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu, heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı kartlar verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və ikinci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilərlər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım, bəlkə, yorğun idilər. Amma yorğun halda da, tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun, sanki, çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var.

– Avropa Liqasındakı ardıcıl üç məğlubiyyət komandada ruh düşkünlüyünə səbəb olmayıb?

– Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. Amma bizim işimiz bir günlə, 1-2 oyunla bitmir. İlboyu oyunlarımız, mübarizəmiz davam edir. Belə hallarla biz hər il üzləşirik. Çalışmışıq ki, məğlubiyyətləri doğru qəbul edərək, səhvlərimizi özümüz görərək onları aradan qaldıraq. Bu vəziyyətdən də çıxmağa çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu məqam bizim üçün bir o qədər də psixoloji sarıdan mane olmayacaq. Biz peşəkarıq, peşəkar kimi davranmağa çalışırıq. Meydana çıxmışıqsa, məğlubiyyətdən də qaça bilmərik. Əksinə, digər oyunlara necə hazırlaşacağıqsa, onu tez bir zamanda ələ almaq lazımdır. Ruh düşkünlüyü olsa da…Belə oyunlardan sonra həmişə olacaq. Çalışırıq ki, digər oyunlarda bunu hiss etməyək.

– Avropa Liqasındakı digər rəqiblərinizi indidən təhlil etməyə başlamısınız?

– Ümumən bütün rəqiblərin oyunlarına baxmışam, hər biri haqda məlumatım var. Amma tam olaraq, həmin oyuna hazırlaşdığımız müddətdə analiz edəcəyik.

– Maksimum nə qədər xal toplamaq fikriniz var? Hədəfləriniz nədir?

– Hədəfimiz hər növbəti oyuna hazırlaşmaqdır. (sportal.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »