Azərbaycan qlobal həmrəyliyə xidmət edən bütün formatlara və təşəbbüslərə müsbət yanaşır

0

“Soyuq müharibə” dönəminin başa çatmasından sonra formalaşmış və ABŞ-ın hegemon siyasətinə əsaslanan təkqütblü-monopolist dünya düzəni artıq öz ömrünü başa vurmaqda və çoxqütblü beynəlxalq münasibətlər sistemi ilə əvəzlənməkdədir. ABŞ-ın liderlik etdiyi kollektiv Qərbin (NATO və G7 alyanslarının) təkbaşına hökmranlıq erası artıq başa çatır. BRICS adlı yeni geosiyasi birlik formatının ortaya çıxması və Qlobal Cənub qütbünün təşəkkül tapması isə daha ədalətli və daha proqnozlaşdırılan beynəlxalq nizamın bərqərar olmasına təkan verir.

BRİKS artıq dünyanın qeyri-Qərb iri iqtisadiyyatlarını (Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Rusiya) öz “çətir”i altında birləşdirməklə beynəlxalq münasibətlərdə kifayət qədər böyük təsir gücünə və neytrallaşdırma, tarazlıq yaratmaq potensialına malik nüfuzlu geosiyasi aktora çevrilməkdədir. Bunu Tatarstanın paytaxtı Kazan şəhərində keçirilən BRİCS-2024 sammitinin nəticələrindən də görmək mümkündür. Avropa İttifaqından (Aİ) fərqli olaraq BRICS öz üzvlərinin müstəqilliyini və suverenliyini məhdudlaşdırmağa can atmır. Bunun əksinə, BRICS öz müstəqilliyinə hörmətlə yanaşan və öz hüquqlarını qorumağa çalışan ölkələrin birliyi olduğuna görə bu təşkilata üzv olmaq istəyən ölkələrin sayı sürətlə artır. Kazan sammitində 40-a yaxın ölkənin nümayəndə heyətlərinin iştirak etməsi də bunun əyani göstəricisidir.

Prezident İlham Əliyevin BRİCS sammitində iştirakı və “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etməsi Azərbaycanın bu təşkilatın get-gedə beynəlxalq münasibətlərdə artan çəkisini və rolunu düzgün dəyərləndirməsinin nəticəsidir. Azərbaycanın bu təşkilata üzv olmaq maraqını ortaya qoyması ölkəmizin qlobal, geostrateji hədəflərindən irəli gəlir. Bəzilərinin yanlış zənn etdiyi kimi Azərbaycan BRICS-ə üzvlüklə bağlı müraciət etməklə heç də Şərqlə Qərb arasında konkret seçim etmək niyyətini güdmür. Rəsmi Bakı bu məsələyə daha geniş aspektdən yanaşır və Qərb ilə Qlobal Cənub arasında əlaqələndirmə missiyasını həyata keçirməyi, körpü rolunu oynamağı hədəfləyir. Biz Azərbaycanın bu vizyonunu Kazanda XVI BRICS sammitinin “Outreach”/“BRICS+” formatının toplantısında çıxış edən Prezident İlham Əliyevin açıqlamasından da gördük.

Belə ki, İlham Əliyev sözügedən çıxışında COP29-un keçirilməsinə hazırlıq işləri çərçivəsində Azərbaycanın artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini bildirdi: “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”. Dövlət başçısı bundan əvvəlki çıxışlarında da Azərbaycanın Qlobal Cənub və Qərb arasında körpü yaratmaq istəyini dəfələrlə dilə gətirib. Bu mənada BRICS sammitində iştirakımız da ilk növbədə sözügedən qlobal missiyanın gerçəkləşminə hesablanmışdı.

Ona görə də Azərbaycandan başqa daha 27 ölkənin üzv olmaq istədiyi bu qurumda biz öz xüsusi missiyamızla daha üstün imkanlar əldə edə bilərik. Azərbaycan indiyə qədər öz milli maraqlarına cavab verən və bərabərhüquqlu əməkdaşlıq üçün geniş imkanlar təklif edən bütün platformalardan səmərəli surətdə yararlandığı kimi BRICS-in də mümkün faydalarından təyinatı üzrə yararlanmağı düşünür. Bu da rəsmi Bakının BRICS-ə praqmatik yanaşmasının göstəricisidir. Rəsmi Bakı hazırkı qlobal geosiyasi prosesləri və gələcək perspektivləri rasional dəyərləndirir. Ölkəmizin mövcud xarici siyasət kursu Aİ ölkələri ilə, Qoşulmama Hərəkatının üzvləri ilə yanaşı BRICS üzvləri ilə də həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan verir. Bu baxımdan BRICS ilə sıx əməkdaşlıq digər müstəvilərdəki əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək. Tam əksinə, BRICS ilə əməkdaşlığın genişləndirilməsi gosiyasi manevr imkanlarımızı daha da artıra bilər.

BRİCS ölkələrinin münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və qlobal həmrəyliyə əsaslanır. Bu prinsiplər Azərbaycan üçün də önəmlidir. Azərbaycanı BRICS ölkələri ilə birləşdirən qlobal tranzit-logistik marşrutlar da (“Bir kəmər, bir yol” layihəsi, Orta Dəhliz, Şimal-Cənub dəhlizi) bu prinsiplərin əməli-praktik icrasına xidmət edir. Azərbaycan qlobal həmrəyliyə xidmət edən bütün formatlara və təşəbbüslərə müsbət yanaşır.

BRICS-in Kazan sammitinin nəticələrini Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması aspektindən də faydalı hesab etmək olar. Belə ki, BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş sülh sazişi istiqamətində danışıqların intensivləşməsinə əlavə stimul verəcək. Azərbaycan və Ermənistan liderləri arasında bu cür birbaşa ikitərəfli müzakirələrin aparılması yekun razılaşmanın əldə edilməsi üçün əlverişli imkanlar yaradır. Bu kontekstdə BRICS sammitindəki görüşü region üçün həlledici mərhələnin başlanğıcı hesab etmək olar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »