Xudafərin körpüsünün azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi qan yaddaşımızda qalacaq
Qədim Xudafərin körpüsü xalqımız üçün böyük mənəvi anlam daşıyan və son 200 ildə isə həm də ayrılığımızın rəmzinə çevrilən mühüm tarixi abidədir. Bu körpü əsrlər boyu Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-biri ilə əlaqəsini təmin edən əsas logistik-rabitə vasitəsi rolunu oynayıb. Ermənistanın 30 ilə yaxın davam etdirdiyi işğal dövründə Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü də düşmənin nəzarəti altına keçmişdi. Lakin bu mühüm tarixi abidəmizin düşmən tapdağı altında qalması xalqımız üçün qəbuledilməz idi. Xalqımız digər ərazilərimiz kimi Xudafərin körpüsünün də gec-tez işğaldan azad olunacağına inanırdı. Belə də oldu. 27 il davam edən işğaldan sonra, oktyabrın 18-i Xudafərinin azadlıq gününə çevrildi.
Bu gün Xudafərin zəfərinin növbəti ildönümüdür. Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən bu qədim körpünün erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsinin həlledici məqamında (2020-ci il oktyabrın 18-də) qədim Xudafərin körpüsü və ətraf ərazilər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib, qəhrəman əsgərlərimiz tərəfindən körpünün üzərində Azərbaycan bayrağı ucaldılıb. Həmin vaxt Prezident İlham Əliyevin Tvitter (hazırkı”X”) hesabında yazdığı bu qələbə xəbərini hamımız yaxşı xatırlayırıq: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan Bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.
Beləliklə, həm mənəvi, həm də siyasi cəhətdən dövlətimiz və xalqımız üçün xüsusi önəm daşıyan bu nadir tarixi-memarlıq abidəsi mənfur işğalçıların əsarətindən azad olundu və yenidən Azərbaycanın nəzarətinə keçdi, öz tarixi sahibinə qovuşdu. Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vətən müharibəsi başa çatandan bir neçə gün sonra Cəbrayıl rayonuna səfər edərək Xudafərin körpüsündə Azərbaycan Bayrağını qaldırması da bu abidənin və sərhəd məntəqəsinin ölkəmiz üçün nə qədər böyük mənəvi-psixoloji və strateji əhəmiyyət daşıdığını göstərir.
27 il işğal altında qalan Xudafərin körpüsünün şanlı Ordumuzun şücaəti nəticəsində cəmi bir gün ərzində azad edilməsinin mənəvi və siyasi əhəmiyyəti ilk növbədə Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinə zəmin hazırlaması ilə bağlıdır. Cəbrayıl və Zəngilan uğrunda aparılan döyüşlər zamanı Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin (o cümlədən Xudafərin körpüsünün) işğaldan azad edilməsi respublikamızın dövlət sərhədlərinin tam bərpası və sərhəd suverenliyimizin təmin olunması baxımından həqiqətən də son dərəcə önəmli hadisədir.
Xudafərin körpüsünün azad olunması savaş günlərində Azərbaycan Ordusunun şəxsi heyətinin ruh yüksəkliyini daha da artırdı və eyni zamanda xalqımızda da digər ərazilərimizin də tezliklə işğaldan azad olunacağına inam hissini gücləndirdi. Xudafərin körpüsünün düşmən tapdağından təmizlənməsinə və əsgərlərimizin körpü üzərində üçrəngli bayrağımızı ucaltmalarına Araz çayının qarşı tərəfindəki soydaşlarımız da böyük coşqu və sevinc hissilə şərik oldular. Həmin an bütün azərbaycanlıların misilsiz həmrəylik anı idi. Həmin gün Xudafərin körpüsü bizi birləşdirən simvola, mənəvi körpüyə çevrildi. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik”.
Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Azərbaycan memarlıq məktəbinin bu əzəmətli abidəsinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi qan yaddaşımızda qalacaq və daim gələcək nəsillər tərəfindən xatırlanacaq. Xudafərin körpüsünün azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan şəhid və qazilərimizi, hərbi qulluqçularımızı hər zaman minnətdarlıq hissilə yad edəcəyik. Bəli, məşhur bir ifadə ilə desək, heç kim unudulmur, heçnə yaddan çıxmır!!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri