Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Ərakçi oktyabrın 18-də İstanbulda bildirib.
Nazir bölgədəki təhlükəli vəziyyəti nəzərə alaraq, İordaniya və Misirdən sonra Türkiyəyə səfər etdiyini bildirib: “Bu səfər xarici işlər nazirlərinin “3+3” formatında ikinci görüşü ilə üst-üstə düşüb”.
A.Ərakçi “3+3” toplantısının Gürcüstanın iştirakı olmadan keçiriləcəyini işarə edərək deyib ki, regionun digər ölkələri Qafqaz bölgəsindəki məsələlərlə bağlı danışıqları, hərəkətləri əlaqələndirməyə hazır olduqlarını nümayiş etdiriblər:
“Biz ehtiyatlı olmalıyıq. Regional problemlərin sülh yolu ilə həlli, təhlükəsizliyin təmini və siyasi razılaşmaların bölgəyə sülh və sabitlik gətirməsinə çalışmalıyıq”.
Nazir vurğulayıb ki, Türkiyə ilə həmişə yaxşı münasibətləri olub və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşlər zamanı regional məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının iştirakı ilə “3+3” formatının növbəti toplantısı keçiriləcək.