Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş verən kütləvi dönər zəhərlənmələri artıq ciddi narahatlıq yaratmağa başlayıb.
Dönər niyə zəhərlənməyə səbəb olur? Bu cür zəhərlənmələrin qarşısını almaq üçün hansı addımlar atılır?
İctimai Rəy xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov danışıb.
O bildirib ki, dönərdən zəhərlənməyə onun hazırlandığı ət səbəb olur:
“Adətən, dönərdən zəhərlənmələrə onun hazırlandığı ət, toyuq səbəb olur. Qidanın saxlanması və hazırlanma qaydası olduqca vacibdir. Zəhərlənmə ətin keyfiyyətindən və saxlanma müddətindən, eləcə də, şəraitindən irəli gəlir. Buna AQTA nəzarət edir.
Dönərdən zəhərlənmələr qida infeksiyasına aiddir. Zəhərlənmə zamanı əsas şikayətlər mədə-bağırsaqda diskomfort, ağrılar, köp, ürəkbulanma, qusma, bədən hərarətinin qalxmasıdır. Hətta nəzarət olmazsa, insan huşunu itirə bilər və vəziyyət proqressiv olaraq pozular”.
O qeyd edib ki, zəhərlənmədən uzaq olmaq üçün qida məhsullarının normaya uyğun olması və saxlanma müddəti vacibdir:
“Eyni zamanda, epidemioloji tələblərə riayət etmək lazımdır. Əgər zəhərlənmə baş verərsə, həmin şəxs mütləq həkim nəzarətində müalicə olunmalıdır.
İlkin yardım olaraq, zəhərlənən şəxsin zond vasitəsilə mədə-bağırsağı yuyulmalıdır, imalə olunmalıdır, pəhriz saxlanılmalıdır. Məsləhətdir ki, bütün bunlar həkim nəzarəti altında olsun. Əgər vaxtında müdaxilə olunmazsa, bu hal xroniki hala çevrilər və sağalma müddəti uzana bilər”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən qida təhlükəsizliyinin və istehlakçı hüquqlarının təmin olunması məqsədilə ölkə ərazisində dönərin emalı və satışı fəaliyyəti ilə məşğul olan ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir:
“Yoxlamalar zamanı dönər məhsullarından nümunələr götürülür, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunur.
Qanunvericiliyə uyğun olaraq aşkar edilmiş nöqsanlara müvafiq olaraq müəssisənin fəaliyyətinin dayandırılması və ya müəssisədə istehsalın və məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul edilir, müəssisənin məsul şəxsləri barəsində inzibati protokol tərtib olunur.
Belə iaşə müəssisələrində ilk növbədə gigiyena qaydalarına, təmizliyə, temperatur rejiminə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir”.
“Vətəndaşlarda istehlak etdikləri dönər, eləcə də, digər qida məhsulları ilə bağlı şübhə yarandıqda, həmçinin, qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər”, – deyə qurumdan əlavə edilib.