2023-cü il Azərbaycanın ərazi bütövlüyünün, torpaqlarımız üzərində tam suverenliyimizin bərpası ili oldu. 19-20 sentyabrda Şanlı Ordumuz tərəfindən uğurla həyata keçirilən çevik antiterror əməliyyatı separatçılığa vurulan möhtəşəm zərbəmiz və separatçılığın tabutuna sonuncu mismarın vurulması kimi tarixə düşdü. Qalib Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını göylərə yüksəltdi. Bu, Böyük Zəfərimizin təntənəsi idi. Bəli, Xankəndi ilə bərabər, digər əzəli torpaqlarımızda – Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağının ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının misilsiz təntənəsi idi. Beləliklə, 15 oktyabr ən yeni tariximizin parlaq səhifəsinə çevrildi. Prezidentin Xankəndidə bayrağımızı ucaltması işğal səhifəsinin həmişəlik bağlanması demək idi.
Həmin gün Xankəndi meydanında çıxış edən Müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqını belə təbrik etdi:”Əziz həmvətənlər, bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək”. Beləliklə, 30 illik həsrətimiz, gözləntimiz torpaqlarımızın mənfur erməni işğalından azad edilməsi, suverenliyimizin bərpa olunması ilə nəticələndi.
Xankəndidə Azərbaycan bayrağının yenidən dalğalanması və orada konstitusiya quruluşunun bərpa edilməsi heç şübhəsiz ki, böyük siyasi məharətin və hərbi gücümüzün uzlaşmasının nəticəsində mümkün oldu. Prezident İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycanı regionun lider dövlətinə çevirdi, qüdrətli nizami ordu qurdu. Bu cür uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq rəşadətli Ordumuz həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də lokal antiterror əməliyyatı zamanı təcavüzkar Ermənistan üzərində parlaq tarixi Qələbə qazandı. Beləliklə, İlham Əliyevin 2003-cü ildə prezident seçildiyi ilk gündən etibarən dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində atdığı böyük addımlar müsbət nəticəsini verdi. Dövlətimizin başçısı öz idarəçiliyi dövründə verdiyi vədlərə əməl etməklə və torpaqlarımızın işğalına son qoymaqla xalqın ona olan inam və etimadını doğrultdu.
Prezident İlham Əliyev bu tarixi Qələbəyə imza atmaqla həm də ata vəsiyyətini yerinə yetirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının öz torpaqlarını geri qaytaracağına bütün varlığı ilə inanırdı və bu arzumuzun gerçəkləşməsi üçün böyük işlər görmüşdü. Xankəndi meydanındakı çıxışında Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın güclü dövlətə çevrilməsi istiqamətində gördüyü işlərdən danışaraq, torpaqlarımızın azad olunmasının Ulu Öndərin ruhunu şad edəcəyini bildirdi. Bu gün Azərbaycan Ulu Öndərin siyasi strategiyasına uyğun olaraq güclü dövlət, qalib ölkə kimi dünya dövlətləri arasında layiqli yerini tutur. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı.
Bu gün Azərbaycanın üçrəngli Bayrağı bütün azad Qarabağda və Şərqi Zəngəzurda böyük qürurla dalğalanır. Biz Şuşaya, Xankəndiyə yenidən sahiblənməyimizlə öz haqqımızı əldə etdik, tarixi ədalətin bərpasına nail olduq. Bir il bundan öncə separatçıların azğınlıq etdiyi Xankəndidə indi böyük amallara hədəflənmiş gənclərimiz təhsil alırlar. Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti bizim böyük Qələbəmizin rəmzidir. Azərbaycan xalqı bu Qələbəni tarixdə əbədi yaşadacaq. Gələcək nəsillərimiz bu Qələbəmizi fəxrlə yad edəcəklər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri